Süleyman Məmmədovun şəxsi kitabxanasından kitab və jurnallar Prezident Kitabxanasına bağışlanıb
Dekabrın 3-də Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Süleyman Məmmədovun şəxsi kitabxanasından 700 nüsxə kitab və jurnalların qohumları tərəfindən Prezident Kitabxanasına bağışlanmasına həsr olunmuş tədbir keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru professor Afət Abbasova görkəmli alimlərin yaratdıqları şəxsi kitabxanaların əsl xəzinə hesab olunduğunu deyib. O vurğulayıb ki, illər boyunca belə şəxsi kitabxanaların çoxu dağıdılıb, məhv edilib. Bu səbəbdən Süleyman Məmmədovun şəxsi kitabxanasının qorunaraq Prezident Kitabxanasına təqdim edilməsi böyük əhəmiyyət daşıyır və onun elmi irsinə göstərilən dərin ehtiramın ifadəsidir.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayev, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Musayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İbrahim Bayramov və digərləri tədbirdə Süleyman Məmmədovun həyat və yaradıcılığı ilə bağlı çıxış ediblər. Bildirilib ki, Süleyman Məmmədov 1932-ci il oktyabrın 30-da Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində anadan olub. O, 1939-1945-ci illərdə Vedi rayonunun Xalisa kənd yeddiillik məktəbində təhsil alıb. 1946-cı ildə kənd təsərrüfatında əmək fəaliyyətinə başlayıb, 1947-ci ildə Avşar kənd orta məktəbinin VIII sinfində oxuyub, daha sonra İrəvan pedaqoji məktəbinə daxil olaraq 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Qeyd edilib ki, Süleyman Məmmədov 1951-1952-ci illərdə Xalisa kənd yeddiillik məktəbində müəllim işləyib. 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil alıb, 1959-1960-cı illərdə SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsində laborant vəzifəsində çalışıb. O, 1960-1961-ci illərdə Ermənistan Elmlər Akademiyasının H.Açıryan adına Dilçilik İnstitutunda qədim erməni dili üzrə təhsil alıb, 1960-1962-ci illərdə SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 1962-1965-ci illərdə isə yenidən Ermənistan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda aspirantura təhsili alıb.
Çıxışçılar diqqətə çatdırıblar ki, Süleyman Məmmədov Ermənistanda qədim erməni dili üzrə xüsusi hazırlıq keçib, İrəvanda Matenadaran və digər arxivlərdə uzun müddət araşdırmalar aparıb. Onun topladığı materiallar və elmi işi Azərbaycanın tarixini obyektiv şəkildə öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir və ölkəmiz üçün qiymətli elmi irs hesab olunur.
Sonda qeyd olunub ki, Süleyman Məmmədovun zəngin elmi irsi bu gün də tarixşünaslıq üçün dəyərli mənbədir və araşdırmaçılar tərəfindən geniş şəkildə istifadə olunur.



