Şəki Dövlət Dram Teatrı paytaxt səhnəsində – “DAR AĞACI”
Şəki Dövlət Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərə “Dar ağacı” tamaşasını təqdim edib. Tamaşa Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.
“İNFONEWS” xəbər verir ki, tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs olunur.
Tamaşadan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və Əməkdar incəsənət xadimi, milli teatrımızın tədqiqatçısı İlham Rəhimli çıxış edərək, Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşüb, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkürlərini bildiriblər.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova məxsusdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev, Cavidan Eminov (ərəb əsgərləri) ifa ediblər.
Tamaşaçılar Akademik Milli Dram Teatrının foyesində Şəki Dövlət Dram Teatrı tərəfindən təşkil edilən Bəxtiyar Vahabzadənin fotolarından və kitablarından ibarət sərgi ilə də tanış olublar.











