Laçınlı xatirələrini rənglərdə yaşadan Nadir Əbdürrəhmanov
“Uşaq yaşlarımdan Laçın və onun ətrafinda olan dağ rayonlarına səfərlər edirdim. Bu səfərlər nəticəsində təbiət qoynunda yaşayan insanların həyatını, gündəlik məşğuliyyətlərini, isdirahətlərini müşahidə edirdim. Bu cür səfərlərimi tələbəlik illərində də edir və bu mənzərələri təsəvvürümdə tez-tez canlandırırdım.”
“İNFONEWS” xəbər verir ki, bu fikirlər Əməkdar incəsənət xadimi, Xalq rəssamı, professor Nadir Əbdürrəhmanova aiddir.
Xalq rəssamı, professor Nadir Əbdürrəhmanov Azərbaycanın, Qarabağın ən füsunkar, dilbər guşəsi Laçında dünyaya göz açıb.
Azərbaycan torpağının əsrarəngiz gözəllikləri, xalqımızın yaratmaq, qurmaq ruhu və müasir dövrün tələb etdiyi yenilikçi düşüncə Nadir Əbdürrəhmanovun bədii dünyasının əsas ilham mənbəyinə çevrilir. Onun rəng harmoniyası ilə zəngin, tariximizin dərin qatlarını canlandıran tabloları Vətənə sevgi, milli qürur və mənəvi bağlılıq duyğularını daha da gücləndirir. Kompozisiya bütövlüyü, emosional təsir gücü və ideya dolğunluğu ilə seçilən əsərləri gənc nəsillərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır.
Nadir Əbdürrəhmanovun Azərbaycan təsviri sənətinin ölkə hüdudlarından kənarda tanıdılmasındakı xidmətləri xüsusilə dəyərlidir. Rəssamın əsərləri dünyanın müxtəlif sərgi salonlarında böyük maraqla qarşılanmış, sənətsevərlərin yüksək rəğbətini qazanmışdır. Onun xarici ölkələrə etdiyi yaradıcılıq səfərləri zamanı ərsəyə gətirdiyi rəsmlər də Azərbaycan incəsənətinin şöhrətini daha da ucaldaraq milli mədəniyyətimizin təbliğinə xidmət etmişdir.
Çoxillik yaradıcılıq yolu və zəngin bədii təcrübəsi sayəsində Nadir Əbdürrəhmanov həm də gənc rəssamların yetişdirilməsinə töhfə vermiş, milli rəssamlıq məktəbinin formalaşması və inkişafında əhəmiyyətli rol oynamışdır. Onun pedaqoji fəaliyyəti sənət ənənələrimizin davamlılığını təmin edən dəyərli bir irs kimi bu gün də öz aktuallığını qorumaqdadır.
Qeyd edək ki, tanınmış rəssam Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçının ucqar Abdallar kəndində dünyaya gəlib, 2008-ci il iyulun 26-da Bakıda vəfat edib.


