Lənkəran Dövlət Dram Teatrı Masallıda qastrol səfərində olub

Lənkəran Dövlət Dram Teatrı Masallıda qastrol səfərində olub

Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi dekabrın 9-da Masallı şəhər Heydər Əliyev Mərkəzində qastrol səfərin olub.

“İNFONEWS” xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən qastrol proqramında teatrın aktyorları klassik alman dramaturgiyasının şah əsərlərindən biri olan Fridrix Şillerin “Məkr və Məhəbbət” faciəsini tamaşaçılara təqdim ediblər.

Tamaşanı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti və sakinlər izləyiblər.

Səhnədə təqdim olunan əsər sevgi və cəmiyyətin sərt qanunları arasında sıxılmış iki gəncin faciəvi tale yolunu əks etdirir. Ferdinand və Luiza arasındakı saf münasibət sosial bərabərsizlik, məkrli siyasi oyunlar və hakimiyyət intriqalarının təsiri altında məhv olur. Kəskin dramatik qarşıdurmalar və psixoloji gərginliklər tamaşa boyunca alman klassik dramaturgiyasının gücünü bir daha nümayiş etdirib.

Təqdimatdan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov teatr kollektivinə, xüsusilə Lənkəran Dövlət Dram Teatrının direktoru — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynovaya tamaşanın yüksək səviyyədə təqdimatına görə təşəkkürünü bildirib.

Laləzar xanım Hüseynova isə öz növbəsində Masallıda yaradılan şəraitə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, tamaşada Xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Səyad Əliyev, Gülər Kərimova, Saleh Əzimzadə, Məleykə Cəfərova, Teymur Hacızadə yer alıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir