Şəhid Bəhmən Səfərəliyevin anadan olmasının 65 illiyi qeyd edildi
Yanvarın 10-da Birinci Qarabağ müharibəsi şəhidi, Laçın rayonu Pircahan kəndinin yetirməsi Bəhmən Çərkəz oğlu Səfərəliyevin anadan olmasının 65 illiyi münasibətilə Bakıda Şəhidlər Xiyabanında xatirə tədbiri keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə Şəhidin ailə üzvləri, döyüş yoldaşları, Laçın rayonu Pircahan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Çıxış edənlər Bəhmən Səfərəliyevin Birinci Qarabağ müharibəsində göstərdiyi igidlikdən, Vətənə sədaqətindən və keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər.
Qeyd olunub ki, Bəhmən Səfərəliyev döyüş yoldaşları arasında böyük hörmət qazanmış, Laçının müdafiəsi uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirmişdir. Onun adını daşıyan Pircahan kənd tam orta məktəbində bu qəhrəmanlıq irsi bu gün də gənc nəslə örnək kimi aşılanır.
Tədbir iştirakçıları Azərbaycan dövlətinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.





