Mədəniyyət naziri Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb

Mədəniyyət naziri Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb

Artıq 13 ildir ölkəmizdə 10 mart tarixində Milli Teatr Günü kimi qeyd edilir. Əlamətdar gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 1 mart 2013-cü il tarixli Sərəncamı ilə təqvimimizə yazılıb.

“İNFONEWS” xəbər verir ki, bu il də Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü münasibətlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı (AXTİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Akademik Milli Dram Teatrında təşkil olunan tədbirə ölkəmizlə yanaşı, Türkiyə və Özbəkistanın teatr xadimləri, bu sahə üzrə aparıcı qurumların rəhbər və nümayəndələri qatılıblar.
Tədbir çərçivəsində mədəniyyət naziri Adil Kərimli Azərbaycanın və qardaş ölkələrin teatr təmsilçiləri ilə görüşüb.

Görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı, AXTİ-nin sədri Xalq artisti Hacı İsmayılov, Özbəkistanın Xalq artisti Yodqar Sağdiyev, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrlarının baş bədii rəhbəri Ayşəgül İşsever, İBB Şəhər Teatrlarının aktrisası, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Kalyoncu, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Xalq artisti Samir Cəfərov iştirak ediblər.
Nazir Azərbaycanın mədəniyyət təqvimində xüsusi yer tutan Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə teatr sənətinin inkişaf yolundan söz açıb. Qeyd olunub ki, 153 yaşlı Azərbaycan teatrı tarixin müxtəlif mərhələlərində qonşu və dost ölkələrin də sənət mühitinin formalaşmasına öz töhfəsini verib.
Nazir Prezident İlham Əliyev tərəfindən mədəniyyətin digər sahələri kimi, teatr sahəsinin də inkişafına yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Söhbət zamanı Türk dünyasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin, birgə festival və müsabiqələrin təşkili, təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir