“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Vüsal və Gülsüm Məmmədlilər
“İNFONEWS” təqdim edir.
“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları 2020-ci ildə sentyabrın 29-da 44 günlük Şanlı Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş İmran Məmmədlinin övladları Gülsüm və Vüsaldır.

Tanış olaq: Gülsüm İmran qızı Məmmədli
Onun 13 yaşı var, 7-ci sinifdə oxuyur.
Atam haqqında danışanda elə bil ürəyimin ən dərin yerinə toxunuram. Onun mənə vaxtikən öyrətdiyi dərslər, sanki həmişə həyatımı işıqlandırır. O mənə dürüst olmağı, zəhmətdən qorxmamağı və heç vaxt təslim olmamağı öyrədib. Mən hər dəfə bu sözləri xatırlayanda anlayıram ki, atam təkcə valideynim deyil, həm də ən böyük müəllimim olub.
Onun haqqında danışanda necə zəhmətkeş, qayğıkeş və güclü insan olduğunu deməyi özümə borc bilirəm. Çünki o, həqiqətən də, belə – hər addımında ailəsini, Vətənini düşünən bir insan idi. Fəxr edirəm ki, mən onun övladıyam.
Atam Vətən uğrunda şəhid olub. Bu sözləri demək mənim üçün çox ağırdır, eynizamanda isə çox qeyri-adi, uca bir hissdir. Belə anlarda həm kövrəlirəm, həm də ürəyim qürurla dolur. Çünki atam ən uca zirvəyə – Şəhidlik məqamına yüksəlibdir. Atam kimi güclü, mərd və şərəfli insanın hazırda yanımda olmaması içimdə bir boşluq yaratsa da, onun övladı olmaq qüruru və anamın bizə olan sonsuz sevgisi və qayğısı bu boşluğu daim doldurur.

Tanış olaq: Vüsal İmran oğlu Məmmədli
Onun 19 yaşı var, 2-ci kurs tələbəsidir.
Atam təkcə mənim deyil, bütün xalqımızın qəhrəmanıdır. Atamın Şəhidlik zirvəsinə ucalması mənim üçün həm böyük qürur, həm də böyük nisgildir. Mənim atam Vətən torpağnın hər qarışının düşmən işğalından azad edilməsi üçün canından keçib, igidliyi ilə örnək olub.
“Şəhid övladı” adını daşımaq qürurverici olduğu qədər də məsuliyyətlidir. İllər ötdükcə, yaşımın üstünə yaş gəldikcə, bu adın yükünü daşımaq daha da çətinləşir. Atamın oğlu olmaq, onun adını şərəflə yaşatmaq, ona layiq olmaq asan deyil.
Atam kimi mərhəmətli, güclü, çevik döyüşçünün, ailəsinə, eləcə də milli dəyərlərə sadiq şəxsiyyətin, həmçinin həyatdakı ən əsas amalı dürüstlük, vətənpərvərlik və əzmkarlıq olan kişinin həyat yolunun layiqli davamçısı olmaq ən böyük arzumdur. Təhsildəki nailiyyətlərə, karyera uğurlarına can atmağımın ən böyük səbəbi də məhz budur. İstəyirəm ki, onunla fəxr etdiyim kimi, bir gün onun da mənimlə fəxr edəcəyini hiss edim.
Eyni zamanda ürəyimdə başqa bir arzum da var – anamın və bacımın yanında güclü dayana bilmək, ailəmizin yükünü, anamın qayğılarını bir az da olsa yüngülləşdirmək, onları qorumaq və dəstəkləmək mənim üçün çox böyük bir məsuliyyətdir.




Şəhid İmran Məmmədlinin ruhu şad olsun!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!