“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Ehtiram və Ayla Orucovlar

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Ehtiram və Ayla Orucovlar

“İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları 5 noyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan tankçı Elşən Ehtiram oğlu Orucovun əziz övladları Ehtiram və Ayladır.

Tanış olaq: Ehtiram Elşən oğlu Orucov

Onun 13 yaşı var, 7-ci sinifdə oxuyur.

Atamdan danışmaq mənin üçün ən qürurverici haldır. Atamla bağlı xatirələrimdən danısmagı çox sevirəm. Bacımla məni necə gəzdirdiyi, əzizlədiyi, hədiyyələrlə sevindirdiyi hər zaman gözümün önündə canlanır. Babamın adını daşıdığım üçün o mənə heç vaxt “oğlum” deyil, “atam” deyərdi.

Mənim atam mərd, cəsur və şücaətli bir Azərbaycan hərbçisi idi. O, həyatının 11 ilini Vətənə xidmətə həsr etmişdi, uzun illər hərbidə çalışmışdı. Onun haqqında “sənin atan qəhrəmandır” deyəndə ürəyim qürurla dolur. Çünki o, yalnız mənim atam deyil, həm də Vətəninə sədaqətlə xidmət edən bir insan idi.

Atamla keçirdiyimiz günləri xatırladıqca həm qürurlanıram, həm də kövrəlirəm. Çünki o, bizim arxa dayağımız idi. Bu həyatda insanın iki böyük dayağı olur — ana və ata. Məncə, atasız evdə bir boşluq duyulur. Sevinc də əvvəlki kimi olmur, gülüş də əvvəlki kimi səslənmir…

Amma bütün bunlara baxmayaraq, mən atamla fəxr edirəm. Onun xatirəsi, öyrətdiyi dəyərlər və bizə bəxş etdiyi sevgi hər zaman mənimlədir. O, mənim üçün hər zaman bir qəhrəman olaraq qalacaq.

Tanış olaq: Ayla Elşən qızı Orucova

Onun 10 yaşı var, 5- ci sinifdə oxuyur.

Atam haqqında danışanda ilk növbədə onun nə qədər cəsur, qorxmaz və Vətənini hər şeydən üstün tutan bir insan olduğunu böyük qürurla dilə gətirirəm. O, Vətən torpağı uğrunda canından keçərək ən uca zirvəyə – Şəhidlik zirvəsinə ucalıb. Bunu hər kəsə söyləmək mənim üçün bir fəxarətdir. Atamın dürüstlüyü, mərdliyi və bizə olan sonsuz sevgisi mənim üçün ən qiymətli mirasdır.

Baxmayaraq ki, o, artıq cismən yanımızda deyil, mən hər zaman onun ruhunun məni qoruduğunu, addımlarımı izlədiyini və mənimlə fəxr etdiyini hiss edirəm. Onun adını uca tutmaq, onun yoluna layiq bir övlad olmaq mənim həyatımın ən böyük məqsədinə çevrilib.

“Şəhid qızı” sözünü eşidəndə qəlbimdə həm dərin bir kədər, həm də sonsuz bir qürur baş qaldırır. Gözlərim dolsa da, başımı dik tuturam. Çünki bilirəm ki, mənim atam təkcə mənim yox, bütün Azərbaycanın qəhrəmanıdır. Onun adı tariximizə qızıl hərflərlə yazılıb və məhz onun kimi qəhrəmanların sayəsində bu gün biz azad, başı uca yaşayırıq.

Böyüdükcə, “Şəhid qızı” adını daşımağın mənim üçün şərəfli olduğu qədər, ağırlığını, məsiliyyətini hiss edirəm. Bu adın yükünü daşımaq çətin olduğu qədər də mənim güc-qüvvə mənbəyimdir. Bundan belə də hər zaman çalışacağam ki, atamın adına layiq övlad olum.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir