“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Ağamusa, Ağasəlim və Zərifə

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Ağamusa, Ağasəlim və Zərifə

“İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Baş gizir Mirzə Musa oğlu Axundovun əziz övladları Ağa musa, Ağasəlim və Zərifədir.

Tanış olaq: Zərifə Mirzə qızı Axundzadə

Onun 12 yaşı var, 7-ci sinifdə oxuyur.

Atam haqqında danışanda ən əvvəl onun nə qədər güclü, mərd və qürurlu bir insan olduğunu vurğulamaq istəyirəm. O, hər zaman haqqın, ədalətin yanında duran, qorxu bilməyən, ailəsini və Vətənini canından çox sevən bir insan idi. Amma mənim üçün atam sadəcə qəhrəman deyildi — o, sevgisi, qayğısı və varlığı ilə həyatımı işıqlandıran, mənə güc verən bir ata idi. İstənilən sıxıntımda başımı onun çiyninə qoymaq mənə yetərliydi ki, toparlanım, qüvvəmi bərpa edim.

Kimsə mənə “sənin atan qəhrəmandır” deyəndə ürəyimdə qarışıq hisslər bir-birini əvəzləyir. Bir tərəfdən başım ucalır, qürur duyuram — çünki atam Vətən uğrunda canından keçən igidlərdən biridir. Digər tərəfdən isə qəlbimdə böyük bir həsrət baş qaldırır. Çünki qəhrəman dedikləri o insan mənim atamdır və mən onu hər zaman yanımda görmək istərdim.

Atan mənim sonsuz fəxarətimdir. O, təkcə bizim ailənin deyil, xalqımızın qəlbində əbədi yaşayacaq əsl qəhrəmandır. Bəli, o, mənə yalnız “ata” adını deyil, həm də şərəf, qürur və düzgün yol miras qoyub. Mən də onun övladı kimi hər zaman başımı dik tutacağam.

Tanış olaq: Ağamusa Mirzə oğlu Axundzadə

Onun 20 yaşı var, tələbədir.

“Ata” deyəndə çoxları arxalanacaq bir dağ düşünür. Mən isə o dağın sinəsini sipər etdiyi Vətəni xatırlayıram — atam kimi igidlərin qanı ilə yoğrulan, canları bahasına geri alınan müqəddəs torpaqları…

Atam evdə həmişə nəzakətli, qayğıkeş və mehriban idi. Uşaq vaxtı məni hərbi hissəyə apardığı günü isə heç vaxt unutmuram. Orada onun tamam başqa tərəfini gördüm — ciddi, sərt, nizam-intizamlı hərbiçini kəşf etdim. O an başa düşdüm ki, ata olmaqla Vətənə xidmət edən bir igid olmaq arasında necə böyük fərq və eyni zamanda necə dərin bağ var. O, həm bizim üçün şəfqətli ata, həm də Vətən üçün sarsılmaz bir dayaq idi.

Onunla bağlı xatirələrim çoxdur, amma ən əzizi son görüşümüzdür. Tərtər istiqamətində xidmət edirdi, bəzən evə gələ bilirdi. Son dəfə onu yola salanda ürəyimdə qəribə bir hiss vardı, amma o zaman müharibə, ayrılıq haqqında düşünmürdüm. İndi isə anlayıram ki, o vaxt atam olacaqları öncədən hiss edibmiş. Anamı və bacımı bizə — mənə və qardaşıma əmanət etdi. Bu, sadəcə bir söz deyildi, bu, bir ömürlük məsuliyyət idi.

Mən atama verdiyim o sözə, onun bizə buraxdığı əmanətə son nəfəsimə qədər sahib çıxacağam. Və əlbəttə, bu əmanət təkcə ailəm deyil. Bu, onun uğrunda qan tökdüyü torpaqlar, qoruduğu Vətən, inandığı xalqdır. Mən də onun övladı olaraq, başımı dik tutub, ömrümün sonuna qədər ölkəmə və xalqıma layiqincə xidmət edəcəyəm.

Tanış olaq: Ağasəlim Mirzə oğlu Axundzadə
Onun 19 yaşı var, tələbədir.

Atamla bağlı son xatirələrim ad günümlə bağlıdır. Bəzən o günlər üçün darıxanda, həmin anlara aid videoları açıb izləyirəm. Aradan 6 il keçməsinə baxmayaraq, elə bil, hər şey dünən baş verib.

O gün atamın mənə aldığı saatı hələ də olduğu kimi saxlayıram. Ona toxunanda sanki onun nəfəsini hiss edirəm. Taxmağa belə qıymıram… Çünki o saat mənim üçün, sadəcə, bir əşya deyil — atamdan qalan son yadigar, onun sevgisinin, varlığının bir parçasıdır. Mənim üçün o hədiyyə, elə atamın özü qədər əziz və qiymətlidir.

Atamı xatırlayanda ilk ağlıma gələn onunla paylaşdığımız gülüşlər, zarafatlar olur. Onun yanında özümü hər zaman güvənli hiss edirdim. O, mənə təkcə ata kimi yox, həm də ən böyük dayaq kimi dəstək idi. Məktəb vaxtı qiymətlərim yaxşı olmayanda belə, onun dediyi sözlər hələ də qulağımda səslənir: “Oxusa da, oxumasa da, mən bilirəm ki, o, böyük adam olacaq.” Bu sözlər mənim üçün sadəcə bir təsəlli deyil, bir inam, bir yol göstərən işıqdır.

Atamın mənə olan güvənini hər addımımda ürəyimdə daşıyıram. Onun inamını heç vaxt boşa çıxarmayacağam. O, bu torpaqları öz qanı ilə qoruyub, bizə əmanət edib. Mən də onun övladı olaraq bu Vətənin dəyərini yaşadacağam — onun bənzəri olmayan nemətlərini, mədəniyyətini, dadlarını dünyaya tanıdaraq öz vətəndaşlıq borcumu yerinə yetirəcəyəm.

Mən atamın izindən gedəcəyəm… Onun adı ilə, onun inamı ilə, onun qoyduğu yol ilə.

Şəhid Mirzə Axundovun ruhu şad olsun!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir