“Bayatı-Şiraz” Dəstgahı kitabının təqdimat mərasimi keçirilib
Aprelin 28 – ində Ə.Kərimov adına Sumqayıt şəhər Poeziya evində sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin yeni elmi monoqrafiyasının təqdimat mərasimi keçirilib.
“İNFONEWS” xəbər verir ki, “Bayatı-Şiraz” Dəstgahı kitabına həsr olunmuş tədbir Azərbaycanın haqq savaşında canından keçərək şəhadət zirvəsinə ucalan qəhrəman Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
“Bayatı-Şiraz” Dəstgahı kitabının təqdimat mərasimində bir sıra Sənətşünaslıq elmləri doktoru, professorlar, Azərbaycan Respublikasının xalq artistləri, media nümayəndələri, Sumqayıt Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəhbər şəxsləri və pedoqoji kollektivi, şairlər iştirak ediblər.
Tədbirdə söz alan çıxışçılar sənətşünaslıq üzrə fəlsəfə doktoru, gənc alim Ruslan Tağıyevin musiqi məktəbi, bakalavr, magistr və doktorantura təhsili illərində əldə etdiyi zəngin bilik və təcrübə onun sənət yolunun formalaşmasında mühüm rol oynamasından danışdılar. “Bayatı-Şiraz” Dəstgahı kitabının ərsəyə gəlməsi, Azərbaycan muğamlarının ustad sənətkarların zəhməti sayəsində əsrlərdən süzülərək bu günümüzə qədər gəlib çatması barədə fikirlərini bölüşüblər.
Tədbirin aparıcısı AJB-nin üzvü, jurnalist-pedaqoq Yeganə Telmanqızı olub. Tədbirdə çıxış edən qonaqlar sırasında Abşeron -Xızı Mədəniyyət İdarəsinin nümayəndəsi Bayram Cəfərli, sənətşünaslıq elmləri doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, sənətşünaslıq üzrɔ fəlsəfə doktoru, BMA-nın professoru Maya Qafarova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın “Musiqinin nəzəriyyəsi və tarixi” kafedrasının müdiri professor Akif Quliyev, sənətşünaslıq üzrə fəlsofə doktoru, AMK-nın professoru. “Etnomusiqişünaslıq” kafedrasının müdiri prof. Jalə Qulamova, Xalq artisti, prof. Vamiq Məmmədəliyev, filologiya üzrə fəlsəfə doktoru, AMK-da kafedra müdiri dosent Firudin Qurbansoy, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti Hafiz Kərimov, Əməkdar müəllim Abdul Haşımov, AYB-nin üzvü, Prezident taqaüdçüsü, tanınmış şair və Ə.Kərimov adıma Sumgayıt Poeziya Evinin direktoru İbrahim İlyasılı, bədii qiraət ustası Əli Niyazbəyli, sənətşünasliq üzrə fəlsəfə doktoru Ruslan Tağıyev olublar.
Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin 2026-cı ildə işıq üzü görmüş “Bayatı-Şiraz” elmi monoqrafiyasında, Azərbaycan muğam sənətində dəstgahlardan biri olan “Bayatı-Şiraz” muğamı barəsində bəhs edilir. Burada sözügedən muğamın tarixi mənşəyi, bir dəstgah kimi formalaşması və müasir dövrdə “Bayatı-Şiraz” adı altında dəstgah olaraq, təbliğ edilməsi araşdırılmışdır. Eyni zamanda “Bayatı-İsfahan” və “Bayatı-Şiraz” muğamları qarşılıqlı şəkildə müqayisə edilmiş, Elmi monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Lakin bununla yanaşı etnomusiqişünaslar, musiqişünaslar, bəstəkarlar, muğam ifaçıları, ali və orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri də istifadə edə bilərlər. “Bayatı-Şiraz” kitabı 4 fəsil 176 səhifədən ibarətdir. Kitabın elmi redaktoru və ön sözün müəllifi professor Abbasqulu Nəcəfzadə, son sözün müəllifi- pedoqogika elmləri doktoru, professor Fərahim Sadıqov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Akif Quliyev, Xalq artisti, professor Vamiq Məmmədəliyev və Xalq artisti, professor Ağasəlim Abdullayevdir.
Həmçinin, Ruslan Tağıyev dövrü mətbuatda bir sıra sanballı elmi məqalələrlə çıxış edən gənc sənətşünas-alimlərimizdən biridir. Onun indiyədək muğamşünaslığın müxtəlif məsələ və problemlərinə dair 12 elmi məqaləsi işıq üzü görmüşdür. Bunlardan 5-i xarici ölkələrdə, 7-si isə yerli mətbuatda çap olunmuşdur. Ruslan Tağıyev musiqi aləminə tar ifaçısı kimi gəlsə də, sonrakı illərdə bir sıra telli mizrabla səsləndirilən alətləri də təcrübi olaraq öyrənmişdir. O, ali təhsil aldıqdan sonra pedaqoji və elmi fəaliyyətlə də fəal məşğul olmaqdadır. Ruslan Tağıyev gənc olsa da, fəaliyyət göstərdiyi sahələrdə bir sıra uğurlar qazanmışdır. “Bayatı-Şiraz” muğamının inkişaf mərhələləri və ifa xüsusiyyətləri adlı elmi əsəri də bu yöndə yazılan növbəti işlərdən biridir.
Sonda Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Sumqayıt bülbül adına 2 nömrəli UİM-nin tar müəllimi Ruslan Tağıyev tədbirdə iştirak edən qonaqlara, müəllimlərinə, valideynlərinə, pedaqoji kollektivə, media nümayəndələrinə və tədbirin təşkilində əməyi olan hər kəsə öz dərin təşəkkürünü bildirib.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.









