“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Rəhim Elçin oğlu Alıyev
“İNFONEWS” təqdim edir:
“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonağı Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Şəhid mayor Elçin Bayram oğlu Alıyevin əziz övladı Rəhimdir.

Tanış olaq: Rəhim Elçin oğlu Alıyev
Onun 11 yaşı var, Sumqayıt şəhər İdrak Liseyinin 5-ci sinifində oxuyur.
Hər dəfə atamdan söz düşəndə, onun barəsində danışanda bir başqa cür oluram, qürurlanıram. Onun gülüşü, səsi, hər dəfə onu səsləyəndə mənə ürəkdən “Hay can, ata!” deməsi, indi də qulaqlarımdadır. Mən “Ata” kəlməsinə, bu sözün istisinə doymasam da, atam hər zaman ürəyimin ən dərin, ən toxunulmaz parçası olaraq qalacaq.
Atam Şəhidlik zirvəsinə ucalanda mənim cəmi 5 yaşım vardı. Çox kiçik idim, amma bu ayrılıq mənim sevgimi azaltmadı, əksinə, daha da böyütdü.
Bir vaxtlar xəyal edərdik: atam, anam və mən ömrümüzü bir yerdə, xoşbəxt yaşayacağıq… İndi atam yoxdur. Ondan bizə miras qalan yalnız o şirin xatirələr və bir də mənim gələcəyimlə bağlı arzuları oldu. İndi atamın yarımçıq qalmış o xəyallarını gerçəkləşdirmək, onun ruhunu şad etmək mənim bu həyatdakı ən böyük borcum, ən müqəddəs vəzifəmdir.
Onun mərhəməti, dürüstlüyü və insanlığı dünyadakı hər bir xəzinədən dəyərliydi. Onu həmişə olduğu kimi sonsuz bir məhəbbətlə sevəcəm. Hər yerdə, hər zaman onun adını uca tutaraq, fəxrlə ondan danışacam. Mən tam əminəm ki, atam fiziki olaraq yanımda olmasa da, hər addımımda mənimlədir. O, mənim həm əbədi Qəhrəmanım, həm də göylərdən məni izləyən, gözəgörünməz qoruyucu mələyimdir.
Mənə “Sənin atan bir Qəhrəmandır!” deyəndə, mən onu buludların fövqündə dayanan bir Göy Adamı, bir Zəfər Adamı kimi təsəvvür edirəm. Atam mənim dünyamı aydınladan bir nur, sönməyən bir işıqdır…
Hər şeydən öncə, mən xasiyyətcə eynilə atam kimi olacam: həm yaxşı insan, həm də savadlı bir hərbi cərrah! Çalışacam ki, gələcəkdə heç bir əsgərin, heç bir zabitin ardınca “vaxtında kömək olunmadı, qanaxmadan öldü” deməsinlər. Onların yarasına məlhəm olan, canını qurtaran bilikli, güclü bir həkim olub atamın adını yaşadacağam.
Atam həmişə deyərdi: “Ananın sözündən çıxmaq olmaz, çalış yaxşı insan, xeyirli övlad ol”. İndi atasız yaşamaq çox çətindir… Çox darıxıram. Hərdən burnumun ucu göynəyəndə, içimdəki o ağrı dözülməz sıxıntıya çevriləndə anam görməsin deyə gecələr yorğanın altında gizlicə ağlayıb atamı çağırıram. Axı mən anama söz vermişəm: atamı istəyib, onu incitməyəcəm, onu təklikdə darıxmağa qoymayacam… Bilirəm, anam da çox darıxır, sadəcə, mənə görə büruzə vermir. Çünki indi o, mənə həm ana, həm də atadır. Mən heç vaxt anamın çəkdiyi əziyyətləri, tökdüyü göz yaşlarını yerdə qoymayacam.
Atamın döyüş yoldaşları ondan bəhs edəndə, sanki zaman dayanır. Onların danışdığı hər bir xatirədə atamın göstərdiyi şücaət, qorxmazlıq, cəsarət və vətənə olan o sonsuz, təmənnasız sevgisi bir kino lenti kimi gözlərimin önündən keçir. Atam vətəninə, torpağına bağlı olduğu qədər, ailəsinə də eyni sevgiylə zəncirlənmişdi. Mənim atam sözün əsl mənasında gerçək bir Qəhrəmandır!
Anam da, mən də atamla sonsuz dərəcədə fəxr edirik. O, bizim başımızın tacı, qəlbimizin ən böyük qürurudur. Mən fəxr edirəm ki, mənim atam məğlubedilməz, qalib bir ordunun, qalib Şəhididir!




Şəhid Elçin Bayram oğlu Alıyevin ruhu şad olsun!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!