12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir.

“İNFONEWS” xəbər verir ki, təqvimin bu tarixində dünya ictimaiyyəti uşaq əməyinin istismarına qarşı qlobal məlumatlılığı artırmaq və bu problemi aradan qaldırmaq məqsədilə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü qeyd edir. Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis edilmiş bu gün xüsusilə yaşı 14-dən az olan azyaşlıların yoxsulluq, təzyiq və istismardan xilas edilməsinə yönəlib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il qeyd olunan əlamətdar günü “Uşaq əməyinə qırmızı vərəqə göstər: Uşaqlar üçün ədalətli oyun, böyüklər üçün layiqli əmək” şüarı altında keçirir. Təşkilat keyfiyyətli təhsil, universal sosial müdafiə, güclü qanunvericilik və kənd təsərrüfatında məsuliyyətli fəaliyyət vasitəsilə uşaq əməyinin qarşısını alan siyasətlərin gücləndirilməsinə çağırır.
Qlobal Statistika və Regionlar Üzrə Vəziyyət
Aparılan mübarizə tədbirləri nəticəsində 2000-ci ildən bəri işləyən uşaqların sayı 246 milyondan 138 milyona ensə də, qlobal hədəflərə tam nail olunmayıb. Hazırda dünyada 138 milyon uşaq əmək fəaliyyəti ilə məşğuldur və onların 54 milyonu təhlükəli işlərdə çalışır. Problemin növbəti 5 il ərzində tam həlli üçün mövcud irəliləyiş tempi 11 dəfə sürətlənməlidir.
Uşaq əməyinin ən çox yayıldığı sahə kənd təsərrüfatıdır (61%). Regional baxımdan isə Afrika qitəsi həm faiz göstəricisinə (22%), həm də sayına görə (87 milyon) ən pis vəziyyətdədir. Ən böyük müsbət dinamika isə uşaq əməyinin iki dəfə azaldığı Asiya və Sakit Okean regionunda qeydə alınıb.
Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsinə Sadiqdir
Azərbaycan Respublikası uşaq əməyinin ən pis formalarının qadağan edilməsi və minimum yaş həddi ilə bağlı BƏT-in konvensiyalarını ratifikasiya edib. Milli qanunvericiliyə əsasən, ölkəmizdə yaşı 15-dən az olan uşaqların çalışmasına icazə verilmir. Dövlət səviyyəsində uşaq əməyinin istismarının qarşısının alınması üçün həm inzibati, həm də mütəmadi maarifləndirmə tədbirləri uğurla davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir