“TəhsilPlus” kartı ilə ictimai nəqliyyatda məbləğin 10 faizi geri qaytarılır

“TəhsilPlus” kartı ilə ictimai nəqliyyatda məbləğin 10 faizi geri qaytarılır

“TəhsilPlus” kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir. İyulun 1-dən sentyabrın 30-dək Gəncə şəhərində ictimai nəqliyyat üzrə “TəhsilPlus” kartları ilə həyata keçirilən ödənişlər zamanı məbləğin 10 faizi kart hesabına geri qaytarılır.

“İNFONEWS” -un Təhsilin İnkişafı Fondundan əldə etdiyi məlumatında bildirilib ki, geri qaytarılan məbləğ hər bir əməliyyatdan dərhal sonra, real vaxt rejimində istifadəçinin “TəhsilPlus” kart hesabına köçürüləcək. Təklif çərçivəsində geri qaytarılan məbləğ və əməliyyat sayı üzrə hər hansı limit nəzərdə tutulmur.

“TəhsilPlus” kartı istifadəçiləri nəqliyyat sahəsində daha bir üstünlükdən daim faydalana bilirlər. “BakıKart” QR bilet vasitəsilə həyata keçirilən ödənişlər zamanı 10 faiz bonus hesablanır.

Nəqliyyat üstünlükləri ilə yanaşı, “TəhsilPlus” kartı istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər kateqoriyalar üzrə xüsusi endirim və bonuslardan da faydalana bilirlər.

“TəhsilPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur. Eyni zamanda, təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir