“Ulduz” jurnalının iyun nömrəsi işıq üzü görüb

“Ulduz” jurnalının iyun nömrəsi işıq üzü görüb

“Ulduz” jurnalının iyun nömrəsi işıq üzü görüb. Zəngin ədəbi materiallarla oxucuların görüşünə gələn dərginin yeni nömrəsi İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“İNFONEWS” xəbər verir ki, jurnalın daxili rubrikalarında oxuculara bir-birindən maraqlı araşdırmalar, nəsr və nəzm nümunələri təqdim olunur. Belə ki, “Sənət” rubrikasında Təranə Vahid “Günahsız Abdulla, 62 dəqiqəlik şedevr və 42 il” adlı məqaləsi ilə bir tamaşanın tarixinə işıq tutur. “Nəsr” bölməsində Məmməd Məmmədlinin “Yer”, Furqanın “Taktika” və “Protez dişlər”, Mübariz Cəfərlinin “Başsızlar”, Əlisəfdər Hüseynovun “F= – F”, eləcə də Mətanət Ulu Şirvanlının “Nənəmin qəbri” hekayələri yer alıb.

Dərginin “Şeir vaxtı” rubrikasında Ceyhun Ötkəm, Günay Ümid, İradə Aytel və Cavid Qasımovun yaradıcılığına geniş yer ayrılıb. “Esse” bölməsində Seyran Səxavət “Sözün belindən gələn adam” mövzusuna toxunub. “Tribuna”da isə Mobil Aslanlı Huntürkün “H.B.Zərdabinin yaradıcılığında sağlam yaşam tərzi problemi” adlı elmi-publisistik araşdırması dərc olunub.

Jurnalın builki iyun nömrəsində gənc istedadlara da xüsusi yer ayrılıb. “Debüt” rubrikasının budəfəki qonağı “Yeddi məktub, bir həqiqət” hekayəsi ilə 13 yaşlı gənc müəllif Zəminə Məmmədovadır. Bundan əlavə, “1+1” rubrikasında Fəridə Abdullayeva, İlkin Əhmədoğlu və Əminə Həbibin yaradıcılığı təqdim edilir. Jurnalda, həmçinin Elşad Barat, Nargilə Yusifqızı, Sübhan Vüqaroğlu, Fuad Biləsuvarlı və qürbətdə yaşayan Akif Azalpın gənclik illərinə aid şeirləri oxucuların ixtiyarına verilib.

Nəşrin “Dərgidə kitab” layihəsinin budəfəki qonağı isə “Sözümün canı” əsəri ilə tanınmış tənqidçi Əsəd Cahangirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir