Fevralın 22-də Azərbaycan Milli Məclisinin və Peru Konqresinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında onlayn formatda görüş keçirilib.
“İNFONEWS” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev görüş iştirakçılarını salamlayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirilib ki, Azərbaycan xalqı Peru xalqına və dövlətinə hörmətlə yanaşır. Qeyd edilib ki, 10 iyun 2013-cü il tarixində Peru Respublikasının Milli Konqresi Xocalı soyqırımını qınayan, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib. Həmin sənəddə Xocalı soyqırımına ədalətli hüquqi və siyasi qiymət verilib. Bu addıma görə qarşı tərəfə minnətdarlıq ifadə edilib.