Ömür kitabının 70-ci səhifəsi: ƏLİYUSİF MƏMMƏDOV – 70

Ömür kitabının 70-ci səhifəsi: ƏLİYUSİF MƏMMƏDOV – 70

Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişafı hər zaman öz ömrünü xalqın maariflənməsinə həsr edən fədakar ziyalılarımızın çiyinlərində ucalmışdır. Keçdiyi şərəfli ömür yolu ilə həm elmi ictimaiyyətin, həm də minlərlə gəncin qəlbində silinməz izlər qoyan belə dəyərli şəxsiyyətlərdən biri də kitabxanaşünaslıq, biblioqrafiya və sənəd menecmenti sahəsinin tanınmış mütəxəssisi, elmi araşdırmaçı və pedaqoq Əliyusif Məmmədovdur. Bu gün Əliyusif müəllim öz ömrünün müdriklik zirvəsini — 70 illik yubileyini qeyd edir.

Əliyusif Məmmədovun çoxşaxəli fəaliyyəti Azərbaycanın dövlətçilik və elm tarixinə xidmətin ən gözəl nümunəsidir. Onun uzun illər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında göstərdiyi yüksək peşəkar fəaliyyəti, dövlət hakimiyyəti orqanlarına kitabxana-informasiya xidmətinin təşkili və biblioqrafik resursların yaradılması sahəsindəki xidmətləri danılmazdır. Dövlət əhəmiyyətli belə bir qurumda çalışmaq Əliyusif müəllimdən təkcə fundamental biliklər deyil, həm də böyük vətəndaşlıq məsuliyyəti tələb etmiş və o, bu missiyanın öhdəsindən layiqincə gəlmişdir.

Alimin fəaliyyətinin ən mühüm və qürurverici qolu isə Bakı Dövlət Universiteti (BDU) ilə bağlıdır. İnformasiya və sənəd menecmenti fakültəsinin “Sənəd menecmenti” kafedrasının baş müəllimi kimi Əliyusif Məmmədov yetirmələrinə təkcə elmi bilikləri ötürmür, həm də gələcəyin mütəxəssislərinə peşə sevgisi, vətənpərvərlik və mənəvi dəyərləri aşılayır. Universitetin elmi-ictimai həyatında yaxından iştirak edən, əqli mülkiyyət, rəqəmsal sənəd-informasiya resursları və elektron biblioqrafiya bağlı aktual mövzularla çıxış edən, tədqiqat aparan alim, hazırda da ölkəmizdə bu sahənin inkişafına mühüm töhfələr verməkdədir.

Biz “İNFONEWS” komandası olaraq, hər zaman cəmiyyətimizə “ziyalı baxışı” və peşəkarlıq meyarları ilə yanaşmağı özümüzə amal seçmişik. Bu baxımdan, Əliyusif Məmmədov kimi ömrünü elmə, kitaba və maarifçiliyə həsr edən bir ziyalının 70 illik yubileyini işıqlandırmaq, onun cəmiyyət üçün etdiklərini diqqətə çatdırmaq bizim üçün böyük şərəfdir. Onun təvazökarlığı, xeyirxahlığı və tələbələrinə göstərdiyi qayğı, dogma münasibəti əsl müəllim obrazının təcəssümüdür.

70 yaş bir insan ömrünün hesabat zirvəsidir. Bu zirvədən baxarkən görünən mənzərə isə yalnız qürurvericidir: arxada qalan onlarla elmi məqalə, dəyərli tədqiqat işləri, yetişdirdiyi gənclərin karyera uğurları, ən əsası isə dövlətə sədaqətlə xidmət və qazanılmış insan sevgisi!

Hörmətli Əliyusif müəllim!

“İNFONEWS” kollektivi və izləyiziləri adından

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik!

Sizə cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və Azərbaycan elminin, təhsilinin tərəqqisi naminə apardığınız şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Yubileyiniz mübarək, dəyərli ziyalı!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir