“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı – Həbs edildi

“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı – Həbs edildi

Braziliyada 36 yaşlı fermer “ChatGPT” ilə təxminən iki ay yazışdıqdan sonra həbs edilib. Polis onun çatbota 8 yaşlı oğlunu öldürmək, digər insanlara hücum etmək və daha sonra intihar etmək planlarından danışdığını bildirib.

“İNFONEWS” Adalet.az- a istinadən xəbər verir ki, “BBC News Brasil”in əldə etdiyi mesajlarda kişinin insanları öldürmək istəyindən, oğluna zərər vermək niyyətindən və polisə hücum planlarından yazdığı bildirilir.

O, hətta özünü və oğlunu öldürmək üçün bir şəxsə 50 min dollar təklif etdiyini, həmin şəxsin isə uşağı əsas gətirərək bundan imtina etdiyini yazıb.

Məlumata görə, “OpenAI” yazışmaları ABŞ Federal Təhqiqat Bürosuna (FBI) ötürüb, daha sonra məlumat Braziliya hakimiyyətinə çatdırılıb. Fermer iyunun 19-da saxlanılıb.

Polis onun evində naməlum maddələr olan dörd şüşə və düyünlü ip də aşkarlayıb. Müstəntiqlər şübhəlinin zəhərlər barədə araşdırma apardığını və “ChatGPT”nin təhlükəsizlik tədbirlərindən yayınmağa çalışdığını bildiriblər.

Fermer 54 gün həbsdə qaldıqdan sonra avqustun 13-də sərbəst buraxılıb. Hələlik ona qarşı ittiham irəli sürülməyib. O, elektron monitorinq altında olacaq və oğlu ilə uşağın anasına yaxınlaşması qadağan edilib.

Müdafiə tərəfi isə onun heç bir cinayət törətmədiyini və “ChatGPT”də sadəcə “cəfəngiyyat danışdığını” bildirir.

Hadisə süni intellekt şirkətlərinin potensial təhlükəli yazışmaları hüquq-mühafizə orqanlarına bildirməsi və bu yazışmaların məhkəmədə sübut kimi istifadə olunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir