“Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır” – MŞ sədri
Yeni texnologiyaların və Azərbaycan jurnalistikasının inkişafı ilə bağlı qarşımızda kifayət qədər ciddi çağırışlar dayanır. Mən əminəm ki, yeni tərkib və yeni heyət bu çağırışlara ən yüksək səviyyədə cavab verəcək. Azərbaycan Mətbuat Şurası bundan sonra da öz fəaliyyətini milli jurnalistikanın inkişafı istiqamətində uğurla davam etdirəcək və birlikdə bir çox maraqlı layihələrə imza atacaq.
“İNFONEWS” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu deyib.
O, Şikayətlər Komissiyasına rəhbərlik etdiyi dövrə toxunaraq deyib: “Nizamnaməyə əsasən, Mətbuat Şurasının iki sədr müavini var və onların hər biri iki illik müddətdə Şikayətlər Komissiyasına rəhbərlik edir. 2022–2024-cü illərdə Şikayətlər Komissiyasına sədrlik etdiyim dövrdə müraciətlər az olmasa da, 2022–2026-cı illərin ümumi tendensiyasına nəzər salsaq, şikayətlərin tədricən azaldığını müşahidə edirik. Əlbəttə, daxil olan müraciətlərə baxılması birbaşa borcumuz və vəzifəmizdir. Lakin inanıram ki, Azərbaycan jurnalistlərinin peşəkarlığının artması və Mətbuat Şurasının səmərəli vasitəçilik fəaliyyəti elə bir münbit şərait yaradacaq ki, gələcəkdə şikayətlərin sayı minimuma enəcək”.