Müsəlman AXUND İLӘ erməni KEŞİŞİN VӘZİ – Cəlil Məmmədquluzadə

Müsəlman AXUND İLӘ erməni KEŞİŞİN VӘZİ – Cəlil Məmmədquluzadə

“İNFONEWS” təqdim edir:

AXUND İLӘ KEŞİŞİN VӘZİ

İrəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır. Bir gün at ilə həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim.
Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi, bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu.
Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfindən bu tərəfinə qaçırdı və pişik mızıldaya-mızıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi. Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər.
Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı. İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım. Keşiş uca səs ilə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” erməni dilində “vətən” deməkdir). Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam.
Bu hində küçənin bir tərəfindən müsəlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub. Bunların biri Axund Molla Qurbanqulu idi. Bu axundu mən çoxdan tanıyırdım: özü də İran əhlidir. Molla Qurbanqulunun əlində bir kitab var idi. Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.
Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:
– Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”. Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.
Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi. Molla kitabdan bu sözləri oxuyurdu:
– “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.
Keşişin belə səsi gəlirdi:
– “Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.
Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bunilə belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!”
Ey mənim qardaşlarım, nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik.
Yaşasın vətən yolunda fəda olan erməni milləti!
Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse (Yaşasın), getse hayreniq!”
Molla Qurbanqulu kəndlilərə deyirdi:
– Ağacın altında, suyun qırağına bövl etmək yaxşı deyil, çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.
İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım…

Bu sözlәri eşidib atı sürdüm müsәlmanların yanına vә üzümü Molla Qurbanquluya tutub dedim:

Ey ardan ari bala, mәrdanә utanma!

Hәr lәhzәdә ol sakini-çayxanә, utanma!

Çıxma eşiyә sel tuta gәr dam ilә daşi,

İç çayuvi, çәk tiryәküvi, böyrüvü qaşi,

Yanında oturmuşlar әgәr olsa da naşi,

Ver tüstüsünü onlara mәstanә, utanma!

Axşamadәk ol guşeyi-hәmmamda sakin,

Dırnaqlarıva bağla hәna, saqqala lakin

İnsanı salar rövnәqә bu xeyrül-әmakin,

Ondan sora çıx, saqqala vur şanә, utanma!

Sübh olcaq әyağa dur otur, isticә gündә,

Paltarlaruvun bitlәrini qır göz önündә,

Ver özgәsinә olmasa gәr fürsәt özündә,

Gey, paltarını, seyr qıl hәr yanә, utanma!

Yüz zәhmәt ilә qonşuların elmi tapanda,

Sәn alim olursan gedib asudә yatanda,

Sәn eyş qıl, onlar toza-torpağә batanda,

Get yarü rәfiq ilә gülüstanә, utanma!

Cümlә işi at bayıra, tap bir sulu qәlyan,

Aksizni әgәr qoymasa ol azimi-İran,

İranda olur tәnbaku, tiryak ilә әrzan,

Lәng olma, götür rәxtivi[4] İranә, utanma!

Bir söz demәyә nökәrüvu tutgilә mәzun,

Bir sözlә cәnabnızı edim dәhrdә mәmnun,

Dәrviş Ağabalanı tapıb algilәn әfsun,

Ondan sora hey vur sulu qәlyanә, utanma!

Bir dә edirәm mәn sәnә bir böylә vәsiyyәt,

İranda cәhd et özüvә tapgilә xidmәt,

Fövt eylәmә, bil fürsәti hәr lәhzә qәnimәt,

Ol sidq ilә zәvvar çilovxanә, utanma!

Tәng olsa әgәr başuva ol büqeyi-Tәbriz,

Çünki ora bir şәhrdi pürdәrdü qәmәngiz [5].

Get Xoyda sәfalәr çәkib ol eşq ilә lәbriz,

Çıx qәlә kәnarında xiyabәnә, utanma!

Var yaxşı sәyahәtdi çәmәn qәleyi-Xoyda,

Bir parә әcayib iş olur Xoyda hüveyda,

Hәr nә ürәyin istәsә dәrhal olu peyda,

Bir az qalıb ol adәmi-dәrxana, utanma!

Söz müxtәsәr, ol bir neçә il sakini-İran,

Al bir lәğәbi-faxirә tut rütbeyi-әyan,

Qardaş, olusan getmәsәn axırda peşiman,

Yox faidә axır ki, peşimanә, utanma!

Bir qәdr qalıb himmәt elә, cәm elә dövlәt,

Ondan sora qıl bir dәfә Kaşanә siyahәt,

Xab içrә gözün görmәsә eylәllә tәbabәt,

Bәnd olma bu övzai-pәrişanә, utanma!

Ver huşuvu Molla Nәsrәddinә amandır,

Bu fürsәti fövt eylәmәk әlbәttә yamandır,

Hәr kәs bu nәsihәtlәri dәrk eylәdi xandır,

Bir şәhrdә bax min iki yüz xanә, utanma!

Lağlağı

“Molla Nәsrәddin”, 7 iyil, 1906, № 14

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir