“Fransadakı böhran həm də Aİ-nin bürokratik institutlarının makroiqtisadi siyasətinin tərkib hissəsidir”

“Fransadakı böhran həm də Aİ-nin bürokratik institutlarının makroiqtisadi siyasətinin tərkib hissəsidir”

Müasir Fransada müşahidə olunan sosial-siyasi gərginliklər ani və müvəqqəti hadisə deyib. Bu, siyasi sosiologiya baxımından dövlət aparatı ilə cəmiyyət arasında illərdir dərinləşən struktur uyğunsuzluğunun nəticəsidir. Fransa konstitusion quruluşuna görə yarı-prezidentli respublika olsa da, V Respublikanın idarəetmə modeli Emmanuel Makronun dövründə “hiper-prezidentlik” və qərarvermənin həddindən artıq mərkəzləşməsi kimi xarakterizə olunur. Yürgen Habermasın “legitimlik böhranı” konsepsiyasına görə, hakimiyyətin sabitliyi yalnız formal seçki prosedurları ilə deyil, qərarların sosial ədalət və ictimai konsensus prinsiplərinə uyğunluğu ilə ölçülür. 2022-ci il seçkilərində hakim koalisiyanın Milli Assambleyada mütləq çoxluğu itirməsindən sonra hökumətin 2023-cü il pensiya islahatını parlament səsverməsindən yan keçərək Konstitusiyanın 49.3-cü maddəsi ilə qəbul etməsi sosial müqaviləni ciddi zədələyib.

“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər beynəlxalq əlaqələr üzrə ekspert Bayram Əliyevin “Fransada sosial-siyasi böhranın strukturu, institusional legitimlik, etiraz dinamikası və Avropa İttifaqının normativ dilemması” sərlövhəli məqalədə yer alıb. Məqaləni təqdim edirik.

Sosial-iqtisadi gözləntilər və xroniki idarəetmə böhranı

Sosial-iqtisadi gözləntilər institusional dialoqla qarşılanmadıqda, yığılan narazılıq kəskin kollektiv etirazlara çevrilir. Fransada 2018–2019-cu illərdə yaşayışın bahalığına qarşı başlayan “Sarı jiletlilər” (Gilets Jaunes) hərəkatı, 2023-cü ildə pensiya yaşının artırılmasına qarşı ümummilli tətillər və davamlı tələbə-işçi səfərbərliyi vahid tarixi-siyasi zəncirin həlqələridir. İcra hakimiyyətinin həmkarlar ittifaqları və müxalifət partiyaları kimi vasitəçi institutlarla kompromisdən yayınan texnokratik israrı siyasi qütbləşməni dərinləşdirib və ölkəni xroniki idarəetmə böhranı ilə üz-üzə qoyub.

Siyasi kommunikasiya baxımından küçə aksiyalarında baş verən vandalizm hallarının rəsmi diskursda ön plana çıxarılması ikiqat siyasi funksiya daşıyır. Bir tərəfdən, dağıntı görüntüləri vasitəsilə cəmiyyətdə təhlükəsizlik təşvişi yaradılaraq dinc tələbələrin və işçilərin haqlı sosial tələblərinə olan ictimai həmrəylik sarsıdılır, digər tərəfdən isə etiraz hərəkatının “ictimai asayişə təhdid” müstəvisinə keçirilməsi dövlət aparatına dinc nümayişçilərə qarşı sərt polis müdaxiləsini, o cümlədən çevik motobriqadaların (BRAV-M), gözyaşardıcı qazların, rezin güllələrin tətbiqini və kütləvi preventiv saxlanılmaları hüquqi-siyasi cəhətdən əsaslandırmaq imkanı verir.

İcra hakimiyyətinin ictimai dəstəyinin kəskin azaldığı və mühüm seçki mərhələlərinin yaxınlaşdığı dövrlərdə təhlükəsizlik aparatına arxalanma meyilləri dövlət idarəçiliyi nəzəriyyəsində xüsusi diqqət çəkir. 2024-cü il növbədənkənar parlament seçkilərindən sonra yaranmış institusional dalana dirənmə və büdcə böhranları fonunda Prezident Makronun bəyənilmə reytinqi sorğularda 16–20 faiz həddinə – prezidentliyi dövrünün tarixi minimumuna enib. Fransa Konstitusiyasının 6-cı maddəsinə əsasən, Makron ardıcıl iki prezidentlik müddətindən sonra 2027-ci il prezident seçkilərində namizəd ola bilməsə də, hakim düşərgənin zəifləməsi fonunda təhlükəsizlik ritorikasının sərtləşməsi Karl Şmitt və Corco Aqambenin “istisna halı” (state of exception) nəzəriyyəsi kontekstində ciddi müzakirələr doğurur. Hökumətin fövqəladə vəziyyət elementlərini adi qanunvericiliyə (“Daxili təhlükəsizlik və terrorizmlə mübarizə” və “Qlobal təhlükəsizlik” qanunları) inteqrasiya etməsi və 2024-cü ildə Yeni Kaledoniyada fövqəladə vəziyyət elan etməsi inzibati qadağalar və preventiv həbslər vasitəsilə müxalif qüvvələr, tələbə hərəkatları və müstəqil media üzərində təzyiq imkanlarını genişləndirib.

Siyasi kommunikasiya elmində “gündəmin dəyişdirilməsi” (agenda-setting) nəzəriyyəsi göstərir ki, daxili təhlükəsizlik məsələləri kontekstində gərginlik yaratmaq hakim elitanın hesabatlılıq problemlərindən diqqəti yayındırmaq funksiyasını yerinə yetirir. Fransada özəl konsaltinq şirkətlərinin dövlət idarəçiliyində rolu ilə bağlı Senatın araşdırması nəticəsində ortaya çıxan “McKinsey işi” (dövlət vəsaitlərinin qeyri-şəffaf müqavilələrlə xərclənməsi, vergidən yayınma və 2017–2022-ci il seçki kampaniyalarının maliyyələşdirilməsi üzrə Milli Maliyyə Prokurorluğunun açdığı təhqiqatlar) və yüksəkvəzifəli rəsmilər ətrafında maraqların toqquşması iddiaları elitalara etimadı sarsıdıb. Kəskin küçə gərginlikləri məhz bu maliyyə-hüquqi araşdırmaların ictimai gündəmdə ikinci plana keçməsinə şərait yaradır.

Fransadakı gərginliklər həm də Aİ-nin mərkəzi bürokratik institutlarının
makroiqtisadi siyasətinin tərkib hissəsidir

Fransada cərəyan edən sosial-iqtisadi gərginliklər yalnız milli hökumətin deyil, həm də Avropa Komissiyası (Ursula fon der Lyayenin rəhbərliyi altında) və Avropa Parlamenti də daxil olmaqla, Avropa İttifaqının (Aİ) mərkəzi bürokratik institutlarının yürütdüyü makroiqtisadi siyasətin tərkib hissəsidir. Brüsselin büdcə kəsiri üzrə sərt fiskal intizam tələbləri sosial rifah xərclərinin azaldılmasına və pensiya sistemi kimi həssas sahələrdə qeyri-populyar islahatların aparılmasına birbaşa təsir göstərir. İan Mannersin “Normativ Güc Avropa” (Normative Power Europe) konsepsiyası baxımından ən kəskin paradoks isə Aİ təsisatlarının insan hüquqları meyarlarını selektiv tətbiq etməsidir. BMT-nin İnsan Hüquqları Şurası və Aİ-dən müstəqil olan Avropa Şurası Fransa polisinin nümayişçilərə qarşı həddindən artıq güc tətbiqini rəsmən tənqid etdiyi halda, Avropa Parlamenti və Avropa Komissiyası bu pozuntularla bağlı susqunluq nümayiş etdirib. İttifaqdan kənar ölkələrdə ən kiçik insidentə görə dərhal qətnamələr qəbul edən Aİ qurumlarının Parisdə dinc etirazçılara qarşı polis zorakılığını və kütləvi saxlanılmaları “üzv dövlətin daxili işi” kimi qiymətləndirərək görməzdən gəlməsi insan hüquqları mexanizmlərinin selektiv geosiyasi alətə çevrildiyini göstərir.

Yekun olaraq, Fransada müşahidə edilən sosial-siyasi böhran həm milli səviyyədə parlament mexanizmlərini zəiflədən mərkəzləşmiş icra modelinin, həm də fövqəlmilli səviyyədə Avropa İttifaqı bürokratiyasının dərin etimad böhranıdır. Sosial narazılıqların dialoq əvəzinə təhlükəsizlik tədbirləri ilə cavablandırılması, dövlət vəsaitlərinin şəffaflığı ətrafında təhqiqatlar və Avropa təsisatlarının ikili standartları Qərb siyasi modelinin bəyan etdiyi demokratik prinsiplərin ciddi sınaq qarşısında olduğunu göstərir. Davamlı sabitlik yalnız sosial müqavilənin bərpası, şəffaf hesabatlılıq və insan hüquqları standartlarına ayrı-seçkilik qoyulmadan əməl edilməsi ilə təmin oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir