“Auditoriyada formalaşan bilik sabahın iqtisadiyyatının təməlidir”- Mürşüd Mehdiyev
Ölkələrin fərqli inkişaf templərinə malik olmasının səbəbləri iqtisad elminin ən qədim tədqiqat mövzularından biridir. Uzun müddət bu sualın cavabı fiziki kapitalda – zavodlarda, yollarda, maşın və avadanlıqda axtarılırdı. XX əsrin ortalarından etibarən isə iqtisadçılar diqqəti başqa bir amilə yönəltdilər: insanın bilik və bacarığına. Bu gün həmin amil “insan kapitalı” adlanır və onun təhsillə birbaşa bağlı olması artıq mübahisə mövzusu deyil.
“İNFONEWS” xəbər verir ki, bu fikirləri Azərbaycan Texniki Universitetinin Sənaye iqtisadiyyatı və menecment fakültəsinin dekan müavini fəlsəfə doktoru Mürşüd Mehdiyevin AZƏRTAC-a təqdim etdiyi “Təhsil, sənaye və iqtisadi inkişaf: universitet və sənaye birgə işləməlidir” sərlövhəli yazısında yer alıb. Məqalədə qeyd edilir ki, nəzəri əsasın qoyulmasında Teodor Şultsun 1961-ci ildə “American Economic Review” jurnalında çıxan məqaləsi mühüm rol oynayıb. Şults ABŞ iqtisadiyyatındakı artımın xeyli hissəsinin ənənəvi kapital və əmək xərcləri ilə izah oluna bilmədiyini, bu “qalığın” əsasən insanlara qoyulan investisiyalardan qaynaqlandığını göstərirdi. Qari Bekker (1964) bu ideyanı sistemli nəzəriyyəyə çevirdi: təhsilə çəkilən xərc istehlak yox, gələcəkdə gəlir gətirən investisiyadır. Ceykob Mincer (1974) isə hər əlavə təhsil ilinin əməkhaqqına təsirini ölçmək üçün bu gün də dünyada geniş istifadə olunan modeli təklif etdi.
1980-ci illərin sonunda formalaşan endogen artım nəzəriyyəsi bu əlaqəni makroiqtisadi səviyyəyə qaldırdı. Robert Lukas (1988) göstərdi ki, insan kapitalı təkcə onun sahibinə deyil, ətrafdakılara da fayda verir: savadlı mütəxəssislər bir yerdə çalışdıqda bir-birinin məhsuldarlığını artırırlar. Klaudiya Qoldin və Lourens Kats (2008) ABŞ-nin XX əsr təcrübəsini “təhsillə texnologiya arasında yarış” kimi təsvir edirlər. Təhsil sistemi texnologiyanın tələb etdiyi bacarıqları vaxtında verə bildikdə həm artım sürətlənir, həm də gəlir bərabərsizliyi azalır. Təhsil geri qaldıqda isə proses əks istiqamətdə gedir. Süni intellekt və avtomatlaşdırmanın əmək bazarını sürətlə dəyişdiyi bugünkü şəraitdə bu müşahidə xüsusilə aktualdır.
Bilik yalnız auditoriyada və laboratoriyada qaldıqda iqtisadi dəyərə çevrilmir
Bu yarışda universitetlər tək addımlamır. Bilik yalnız auditoriyada və laboratoriyada qaldıqda iqtisadi dəyərə çevrilmir; o, istehsalata, məhsula və xidmətə yol tapdıqda məhsuldarlığı artırır. Henri Etskovits və Loet Leydesdorf (2000) müasir innovasiya sistemlərini “üçlü çarx” modeli ilə izah edirlər: universitet, sənaye və dövlət bir-birindən təcrid olunmuş qurumlar kimi deyil, qarşılıqlı təsirdə olan tərəfdaşlar kimi fəaliyyət göstərir. Universitet bilik və kadr yaradır, sənaye bu biliyi tətbiq edib bazara çıxarır, dövlət isə əməkdaşlıq üçün institusional və maliyyə mühiti formalaşdırır. Tərəflərdən biri kənarda qaldıqda “çarx” fırlanmır.
Beynəlxalq təcrübə də eyni nəticəni verir. Almaniyada peşə təhsilinin dual sistemi nəzəri hazırlığı birbaşa müəssisələrdə keçən praktiki təlimlə birləşdirir, Fraunhofer cəmiyyətinin institutları isə tətbiqi tədqiqatların böyük hissəsini sənaye sifarişləri əsasında aparır. Cənubi Koreya, Finlandiya və Sinqapur kimi ölkələrin texnoloji yüksəlişində də universitetlərin sənaye klasterləri ilə sıx inteqrasiyası mühüm rol oynayıb. Bu modellərin ortaq cəhəti odur ki, tədris proqramı, tədqiqat gündəliyi və işəgötürənin ehtiyacı bir-birindən ayrı planlaşdırılmır.
Təbii ehtiyatlar istifadə olunduqca azalır, bilik isə paylaşıldıqca və tətbiq olunduqca artır
Azərbaycan üçün bu müzakirənin praktiki mənası böyükdür. Qeyri-neft sektorunun genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi uzunmüddətli perspektivdə, ilk növbədə, insan kapitalının keyfiyyətindən asılıdır. Təbii ehtiyatlar istifadə olunduqca azalır, bilik isə əksinə, paylaşıldıqca və tətbiq olunduqca artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı beş milli prioritetdən biri kimi müəyyən olunub. Sənaye parklarının, azad iqtisadi zonaların və regionlarda yeni istehsal müəssisələrinin yaradılması isə ixtisaslı mühəndis, texnoloq, logist və menecer tələbatını artırır. Bu tələbatı ödəməyin ən etibarlı yolu kadr hazırlığını sənayenin özü ilə birlikdə planlaşdırmaqdır.
Tələbələrin istehsalat təcrübəsi formal xarakter daşımamalıdır
Universitetlə sənaye arasında əməkdaşlığın konkret formaları məlumdur və onların əksəriyyəti böyük resurs tələb etmir. Tədris planları işəgötürənlərin iştirakı ilə hazırlana, fakültələrin nəzdində sənaye məşvərət şuraları fəaliyyət göstərə bilər. Tələbələrin istehsalat təcrübəsi formal xarakter daşımamalı, buraxılış və magistr işləri sənayenin real problemləri əsasında yazılmalıdır. Sənaye mütəxəssisləri dərs prosesinə, müəllimlər isə müəssisələrdəki layihələrə cəlb olunmalıdır. Birgə laboratoriyalar, müqavilə əsaslı tədqiqatlar və sənaye sifarişli dissertasiyalar biliyin istehsalata ötürülməsini sürətləndirir. Beynəlxalq akkreditasiya standartları da proqramların hazırlanmasında və qiymətləndirilməsində işəgötürənlərin iştirakını əsas tələblərdən biri kimi irəli sürür.
Lakin bu proses birtərəfli ola bilməz. Universitetdən bazarın tələb etdiyi kadrı gözləyən sənaye özü də həmin kadrın hazırlanmasında iştirak etməli – təcrübə yerləri ayırmalı, tədqiqat sifarişi verməli, öz texnoloji və idarəetmə problemlərini universitetlə bölüşməlidir. Əks halda müəssisələr hazır mütəxəssisi kənarda axtarmaq, universitetlər isə real iqtisadiyyatdan uzaq nəzəri hazırlıqla kifayətlənmək məcburiyyətində qalır. Dövlətin rolu isə bu tərəfdaşlığı qrant mexanizmləri, birgə layihələrin maliyyələşdirilməsi və tədqiqata investisiya qoyan müəssisələr üçün stimullarla dəstəkləməkdir. Mühəndislik və iqtisadiyyat ixtisaslarının kəsişməsində hazırlanan kadrlar – istehsalı həm texniki, həm də idarəetmə baxımından anlayan mütəxəssislər – sənayeləşmə siyasəti üçün xüsusi dəyər daşıyır.
Təhsilə yönəldilən vəsaitin nəticəsi bir büdcə ilində görünmür, bəlkə də buna görə ona tez-tez sadəcə xərc kimi baxılır. Amma yarım əsrlik iqtisadi tədqiqatların nəticəsi birmənalıdır: uzunmüddətli rifahı müəyyən edən əsas amillərdən biri cəmiyyətin nə qədər və necə öyrəndiyi, öyrəndiyini isə nə dərəcədə istehsala çevirə bildiyidir. Bu gün auditoriyada formalaşan bilik sabahın iqtisadiyyatının təməlidir – bir şərtlə ki, həmin auditoriyanın qapısı sənayeyə açıq olsun.