“Uber” və “Nuro” “Lucid” robotaksiləri ilə sürücüsüz sınaqlara başlayıb
“Nuro”, “Lucid” və “Uber” şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Lucid Gravity” modeli əsasında robotaksilər ABŞ-nin San-Fransisko körfəzi bölgəsində ictimai yollarda təhlükəsizlik sürücüsü olmadan sınaqdan keçirilməyə başlanıb.
“İNFONEWS” xəbər verir ki, “Uber” və “Nuro” şirkətləri sürücü oturacağında təhlükəsizlik əməkdaşı olmadan hərəkət etməyə icazə aldıqdan 6 aydan çox müddət sonra “Lucid Gravity” markalı sürücüsüz elektrik yolsuzluq avtomobillərinin sınaqlarına start veriblər.
Şirkətlər 2027-ci ilin birinci rübündə kommersiya məqsədli robotaksi xidmətinə başlamaq istiqamətində son hazırlıq mərhələsinə keçiblər. Yaxın vaxtlarda şirkət əməkdaşlarına təhlükəsizlik sürücüsü olmadan robotaksilərdən istifadə imkanı yaradılacaq.
Bu mühüm mərhələ “Uber”in “Nuro” tərəfindən hazırlanmış avtonom idarəetmə texnologiyası ilə təchiz edilmiş “Lucid” elektrik avtomobilləri əsasında yüksək komfortlu robotaksi xidməti yaratmaq planını açıqlamasından cəmi 16 ay sonra reallaşıb. Layihə hər iki şirkətə böyük həcmli investisiyaların yatırılması və onların məhsullarına mühüm dəstəyin göstərilməsi ilə müşayiət olunub.
Belə ki, “Uber” əvvəlcə “Lucid” şirkətinə 300 milyon dollar investisiya yatırmağı öhdəsinə götürsə də, sonradan bu məbləğ 500 milyon dollara çatdırılıb. “TechCrunch” nəşrinin razılaşmaya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, “Uber” “Nuro” şirkətinə də təxminən 500 milyon dollar investisiya yatırmağı vəd edib.
Razılaşma “Lucid” və “Nuro” şirkətlərinə yalnız maliyyə dəstəyi qazandırmayıb. “Uber” növbəti altı il ərzində azı 20 min ədəd “Lucid Gravity” modelinin alınmasını öhdəsinə götürüb. Bu, maliyyə çətinlikləri ilə üzləşən elektrik avtomobili istehsalçısı üçün daha proqnozlaşdırıla bilən gəlir mənbəyi yaradacaq.
“Nuro” isə sürücüsüz çatdırılma avtomobillərinin istehsalına əsaslanan biznes modelindən imtina edərək, avtonom idarəetmə texnologiyalarını avtomobil istehsalçılarına və mobillik şirkətlərinə lisenziyalaşdırmaq istiqamətində strateji dəyişiklik edib. Şirkət bu riskli, lakin zəruri dönüşüm qərarını açıqladıqdan bir il keçməmiş “Uber”lə sözügedən razılaşmaya imza atıb.