“Ümumi qaz kəsintimiz yoxdur, tam operativ iş qurulub. Qaz kəsintisinə yol verilmir. Bu dəqiqəyə qədər yalnız bəzi yerlərdə xırda qəza hadisələri baş verib”.
Bu sözləri “İNFONEWS”-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.
O əlavə edib ki, qazın təzyiqinin aşağı enməsi ilə bağlı müraciətlər də olub: “Bu müraciətlər təcili şəkildə növbəlilik rejimində çalışan işçi qruplarına göndərilib. Qaz təchizatı ilə bağlı ciddi problem yoxdur.
Bir neçə yerdə avtomobillər qaz xətlərini zədələyib. Xudat şəhərində “Mercedes” markalı avtomobil yoldan çıxaraq qaz xəttini zədələyib. 3 kənddə mindən artıq abonentin qaz təchizatında problem yaranmışdı. Hazırda son mərhələdir və bərpa işləri aparılır.
Bir qədər bundan əvvəl isə Maştağa qəsəbəsində də avtomobil yol kənarından sürüşərək şkaf tipli tənzimləyicini zədələyib. Bu hadisədən sonra qaz təchizatında problem yaranmasın deyə təcili alternativ xətdən istifadə olunub”.