Bərdə Peşə Liseyinin direktorunun qanunsuz əməlləri ifşa olunub
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, belə tədbirlərdən biri kimi, Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Şəmil Şükürovun həmin vəzifədə işləyərkən liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, 2012-2021-ci illərdə liseydə təhsil alan çoxlu sayda tələbənin dərsdə iştirak etməməsi, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülmüş təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.
Fevralın 25-də Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilib. Həyata keçirilmiş axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 bankomat kartı aşkarlanaraq maddi sübut qismində götürülüb.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.