Layihənin iştirakçıları sosial şəbəkələrdən UNEC Library 247-nin fəaliyyətini izləyənlərdir ki, onlar sevdikləri kitabları təqdim etməklə estafeti digərinə ötürürlər. Layihənin məqsədi geniş izləyici auditoriyasına, xüsusilə gənclərə ixtisas profili üzrə gündəmi zəbt edən ən yeni maraqlı akademik əsərlər, peşəkar karyeraya dəstək verən kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı inciləri ilə tanış etməkdir.
Bu günə qədər Ruçir Şarma "Dövlətlərin yüksəlişi və tənəzzülü: Böhrandan sonrakı dünyada güclərin dəyişməsi"(“The Rise and Fall of Nations: Forces of Change in the Post-Crisis World”), Corc S. Kleyson “Babilin ən varlı adamı”, Benjamin Qrem, Devid Dodd "Qiymətli kağızların təhlili"(“Security Analysis”), Emre Alkin “İqtisaddan çıxış”(“İktisattan Çıkış”), Xalid Hüseyni “Min möhtəşəm günəş” kimi kitablar olmaqla, layihənin 10-a yaxın buraxılışı geniş müzakirəyə çıxarılıb. Müəllim və tələbələrin həvəslə layihəyə qatılması bu layihənin ən sevindirici tərəfidir.
“İNFONEWS” komandası olaraq, layihənin aktuallığını nəzərə alaraq, gənclərdə bədii ədəbi zövqün formalaşmasına dəstək olmaq diləyi ilə “Sıra Səndə” (#SıraSəndə) layihəsini yayımlamaqla UNEC Library 24/7 ilə əməkdaşlığa start verəcəyik. Saytımızda “Sıra Səndə” (#SıraSəndə) layihəsnin ilk yayımını 10 dekabrda Zəfər paradı günü Qələbəmiz uğrunda canından keçən bütün Şəhidlərimizə ithaf olunan xüsusi buraxılışı ilə həyata keçiriləcəkdir.