Yaponiyanın nüfuzlu “fnn.jp” portalı erməni silahlılarının Azərbaycanın Xocalı şəhərində 29 il əvvəl törətdiyi soyqırımı ilə bağlı məqalə yayıb.
INFONEWS xəbər verir ki, portalın İstanbul bürosunun rəhbəri tərəfindən hazırlanan məqalədə yapon jurnalistin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfəri barədə məlumat verilir. Dağlıq Qarabağa səfər edən jurnalist Xocalı şəhəri yaxınlığında olduqlarını da qeyd edir. Bildirir ki, 29 il əvvəl məhz Xocalı şəhərində mülki əhaliyə qarşı soyqırımı törədilib.
Erməni yaraqlılarının silahsız azərbaycanlılara qarşı törətdiyi qırğının qətliam olduğu vurğulanan yazıda nəticədə 613 nəfərin həlak olduğu, qadınların və uşaqların onların əksəriyyətini təşkil etdiyi qeyd edilir. Faciənin şahidi olmuş ananın 8 yaşlı qızını şaxtalı havada dağlardan keçərkən itirdiyi və onu qonşu şəhərdəki məscidin yaxınlığında dəfn etdiyi bildirilir. Həmin ananın sözləri sitat gətirilir: “O zaman mən 8 yaşlı qızımın əlindən tutaraq qaçmağa məcbur oldum, hücum başladığına görə qızımı bədənimlə örtməyə çalışırdım. Onu güllələrdən nə qədər qorumağa çalışsam da, buna nail ola bilmədim. Qızımı həmişəlik itirdim”.
Məqalədə 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, cəmi 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal edilmiş əraziləri tamamilə azad edib. Bu, həmin əraziləri yenidən bərpa etməyə və insanların öz ata-baba yurdlarına qayıtmasına imkan yaradıb.