Azərbaycanda ilk dəfə”Qarabağ İnkişaf Forumu” keçiriləcəkdir
“İNFONEWS” xəbər verir.
“Karabakh is Azerbaijan” Platforması və “Azərbaycan Gənclik Platformu”nun birgə təşkilatçılığı ilə “Qarabağ İnkişaf Forumu” keçiriləcəkdir.
Bu barədə forumun təşkilat komitəsindən xəbər verilərək, tədbirin 14 mart saat 20:00-da baş tutacağı qeyd edilib.
İki panelli forumda hər iki Qarabağ müharibəsində beynəlxalq fotoqraf-jurnalist kimi iştirak etmiş, dünyaca məşhur Reza Deghati, “CNN Türk”-ün müxbiri Fulya Öztürk, “Qarabağın Azərbaycan İcması İB”in sədr müavini, professor Gülməmməd Məmmədov, “Böyük Orta Şərq” layihəsinin müəllifi, Qarabağ münaqişəsiylə bağlı son 15 ildə 50-dən artıq debatda iştirak etmiş politoloq Əli Hacızadə, Milli Məclisin Cəyrayıl rayonu üzrə deputatı Ceyhun Məmmədov, ölkənin turizm sahəsi üzrə professional səyyah-jurnalist Azər Qərib çıxış edəcək.
Forumun məqsədi gəncləri keçmiş Qarabağ münaqişəsinin tarixi və siyasi aspektləriylə tanış etmək, qarşıda duran inkişaf perspektivləri barədə müzakirələr aparmaqdır.
Forumun iştirakçı sayının 1000 nəfərdən artıq olacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ İnkişaf Forumu”nun mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.