YAP VII Qurultayı: Gənclərin gözü ilə

YAP VII Qurultayı: Gənclərin gözü ilə

Bu gün Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir. İllərdir sistemli şəkildə görülən işlər və aparılan siyasət milli iqtisadiyyatımızın yüksəlişini təmin edib. Sözsüz ki, bunun təməlində ölkədə aparılan siyasi və sosial-iqtisadi islahatlar dayanır.

Bu islahatlara gedən yolda liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Ən əsası isə güclü, ağıllı, iradəli liderin qərar qəbul etmək səriştəsi və insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər etmək, arxasınca apara bilmək üçün verdiyi qərarlardan asılıdır. Belə olan halda hakim partiyanın sədri Cənab Prezident partiyanın fövqəladə xarakterli qurultayının keçirilmə tarixini qısa müddətdə təyin etməsi ilə bir çox dəyişiklik və yeniliklər doğuran qərarlara imza atdı.

Keyfiyyətin əldə edilməsi naminə olan qərarlardan biri də məhz hər kəsin gözlədiyi kadr dəyişikliyi oldu. Gənc nəslin nümayəndələri olaraq bizim gözümüz və davranışlarımız hər zaman bizə örnək olan ölkə başçısı və ətrafındakı əzmlə ona bu işdə yardımcı olan kadrlardan asılıdır. Məhz son dönəmlərdə ölkənin çətin dövründə tətbiq edilən xüsusi karantin rejimi zamanı bir çox nöqsanlara yol verərək vətəndaşlar arasında narazılıq və qəzəb yaradan partiyanın təmsil olunan rəhbər üzvləri xalqın istəyi nəzərə alınaraq, partiyanın idarə heyətindən uzaqlaşdırılaraq yeni simalar ilə əvəzləndilər. Gənclər olaraq düşünürük ki, bu həm partiyanın nüfuzuna, həm də ölkənin siyasi sabitliyinə töhfə qatacaq olan önəmli qərar idi. Bununla yanaşı Heydər Əliyevin əsasını qoyduğu zamandan etibarən uzun müddət partiyaya və dövlətimizə xidmət etmiş, inkişafda zəhməti olan yaşlı elitar təbəqədən ibarət veteranlar şurasının yaranması zəruriyyəti aktuallıq kəsb edirdi.

Eyni zamanda illərdir apardığımız təkmilləşdirmə işləri, sosial layihələr, proqramlar və əldə etdiyimiz böyük nəticələr sayəsində ölkədə fəaliyyət göstərən digər siyasi dost partiyalarımızın diqqətini cəlb edərək onları bizim sıralarımıza qoşularaq bizimlə çiyin çiyinə Azərbaycanı inamla irəliyə aparmağa yardımcı olmağa sövq etdi. Onların bizim sıralarımıza qoşulması gücümüzə, inamımıza, əqidəmizə güc qataraq partiyamızın ölkənin aparıcı siyasi qüvvəsi olaraq qalmasında çox böyük rolu olacağına inanırıq.

İkinci vətən müharibəsində əldə etdiyimiz qələbə sonrasında torpaqlarımızdan zorla didərgin salınmış vətəndaşlarımızın həmin torpaqlara kütləvi geri dönüşü üçün Böyük Qayıdış adlı proqram hazırlanmışdır. Bu proqramın icrasında Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin əsas rol oynayacağını vurğulayan Prezident gənclərimizə heç vaxt şahid olmadıqları görmədikləri qədimi dədə baba torpaqlarını fəxr hissi ilə ziyarət etmək və köçürülmə prosesində daha yaxından iştirak etmək üçün gözəl bir imkan yaratdı. Azərbaycan gəncləri olaraq bu məsuliyyətli işi görməkdən şərəf duyaraq tarixdə qızıl hərflərlə yadda qalacaq olan geri qayıdışa öz töhfəmizi verməyə hər zaman hazırıq.

Prezident İlham Əliyev çıxışında mütəmadi olaraq ölkəmizdə aparılan gənclər siyasətini xüsusilə vurğulayaraq, dövlətin siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənc təbəqəmizin təlim-tərbiyəsi sahəsində aparılan davamlı işlərin əsas prioritet məsələ olduğunu da dilə gətirdi. Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəaldırlar. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Ölkə başçısının jestinə təşəkkür cavabı olaraq gənclər aparılan siyasi, iqtisadi, sosial istiqamətlər üzrə həyata keçirilən tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Qurultayın ümumi məzmununa nəzər salaraq deyə bilərik ki, bu gün ölkəmiz inkişaf dövrünü davam etdirərək daim irəli addımlamaq üçün hər tərəfli qayğı, sosial-iqtisadi, maddi-texniki və siyasi baza ilə təmin olunmuşdur. Vətəndaşların dövlətdən olan gözləntiləri cavabsız olaraq qalmamaqdadır. Bütün bu inkişaf yolunun əsası sözsüz ki, zamanında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirilərək uğurla davam etdirdiyi inkişaf strategiyasının nə dərəcədə uzaqgörən xarakter daşıdığının bariz nümunəsidir. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi ona gətirib çıxarmışdır ki, həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar, maliyyə vəziyyətinin sabitləşməsi, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artması ölkəmizin inkişaf prosesini sürətləndirərək regionun əsas siyasi fiquruna çevrilməyinə zəmanət verdi.

Beləliklə, ölkəmizdə demokratik dövlət quruculuğunun həyata keçirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, dünya tələblərinə cavab verən tərzdə istiqamətlənən dövlət tərəfindən görülən işlər, eləcə də gənclərin savadlılıq dərəcəsinin artırılması ilə bağlı atılan addımlar Azərbaycanın həm bir cəmiyyət olaraq tərəqqisinə həm sağlam ictimai şüurun formalaşması həm də demokratikləşməsinə mühüm təsir göstərir.

Nicat R. Muradlı
YAP Gənclər Birliyi üzvü, BDU, magistr

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir