Polad Bülbüloğlu: “Azərbaycanın guya üçtərəfli Bəyanatın…”
“İNFONEWS” xəbər verir.
Ötən il bütün Azərbaycan xalqı və şəxsən mənim üçün ilk növbədə qələbə və torpaqlarımızın çoxdan gözlənilən qaytarılması ili oldu.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Nezavismaya qazeta”ya müsahibəsində bildirib.
“Bir milyona yaxın azərbaycanlı qaçqın evlərinə qayıtmağı səbirsizliklə gözləyirdi. Bizim üçün bu, Vətən müharibəsi idi, çünki beynəlxalq hüquqla müəyyən edilmiş sərhədlər daxilində əzəli torpaqlarımızı azad etdik. Vurğulamaq istəyirəm: Azərbaycan əsgəri heç vaxt özgə əraziyə ayaq basmayıb”, – deyə Azərbaycan səfiri vurğulayıb.
Polad Bülbüloğlu rusiyalı jurnalistin Qarabağla bağlı üçtərəfli Bəyanatdan sonra Azərbaycan ərazisində diversiya törədən 62 Ermənistan vətəndaşı ilə bağlı sualına da cavab verib:
“Hər şeydən əvvəl demək istərdim ki, Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə bu məsələyə münasibətini bildirib. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında da səsləndirilib. Lakin qarşı tərəf bizim arqumentlərimizi eşitmir və ölkəmizə beynəlxalq təzyiq göstərməyə çalışır. Məsələnin mahiyyəti aşağıdakı kimidir:
Ermənistandan olan hərbçilər Azərbaycanın xüsusi xidmət orqanlarının antiterror əməliyyatı nəticəsində tutulub. Bu diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinə və mülki şəxslərə qarşı terror aktları törətmək məqsədi ilə 2020-ci ilin noyabr ayının sonunda ərazilərimizə göndərilib. Onlar Azərbaycan Ordusunun dörd hərbçisini və bir mülki şəxsi öldürüblər. Diversiya qrupunun üzvləri ötən ilin dekabrında Azərbaycanın Xocavənd rayonunda, yəni müharibənin bitməsindən və imzalanan bəyanatdan bir ay sonra zərərsizləşdirilib. Onlar cinayət məsuliyyətinə cəlb olunublar və hazırda araşdırmalar aparılır. Tamamilə aydındır ki, bu şəxslərin heç biri, beynəlxalq konvensiyaya əsasən, hərbi əsir hesab oluna bilməzlər və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin müddəaları onlara şamil olunmur.
Beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipindən çıxış edərək Azərbaycan tərəfi 10 noyabr sazişini tam icra edib. Azərbaycan tərəfi daha çox əsgər və zabitləri təhvil verib, çünki ordumuz tərəfindən daha çox hərbi əsir götürülmüşdü. Eləcə də Ermənistan ordusunun öldürülən hərbçilərinin, demək olar ki, bütün meyitləri də təhvil verilib.
Rusiyanın Sülhməramlı Qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə Azərbaycan ərazilərində erməni hərbçilərinin cəsədlərinin tapılması üçün bütün tədbirlər görülür və biz misilsiz konstruktivizm və bu sahədə əməkdaşlığa açıq olduğumuzu nümayiş etdiririk.
Beləliklə, Azərbaycanın guya birgə üçtərəfli Bəyanatın 8-ci bəndini pozması barədə Ermənistan tərəfinin iddiaları əsassızdır. Xoşməramlı bir jest olaraq, bildiyim qədər Rusiya tərəfinin xahişi ilə artıq iki dəfə bir neçə nəfər qaytarılıb və 8 mart ərəfəsində yeganə qadın məhbus sərbəst buraxılıb və Livandakı vətəninə göndərilib, hansı ki, yeri gəlmişkən Ermənistana qayıtmaqdan imtina edib”, – deyə səfir qeyd edib.