“Azəriqaz”dan SMS bildirişləri ilə bağlı yeni açıqlama
“İNFONEWS” xəbər verir.
Mart ayının 17-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında hər hansı bir səbəbdən baş verən müvəqqəti fasilələrlə bağlı məlumatları SMS bildirişlər şəklində abonentlərə göndərməyə başlayıb.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bu proses pilot layihə olaraq ilkin mərhələdə 12 inzibati rayonu əhatə edir. Bura Bakı şəhərinə daxil olan 11 rayon və Abşeron rayonu aid edilir. Məsələn, bu gün Nərimanov rayonunda həyata keçirilən təmir işlərinə dair məlumat həmin ərazidə yaşayan abonentlərin bazada mövcud olan mobil nömrələrinə SMS formasında çatdırılıb. Bundan başqa, Xəzər rayonu, Şüvalan qəsəbəsində də görülən işlərlə bağlı müvəqqəti fasilə barədə SMS bildiriş abonentlərə təqdim edilib.
Qeyd edək ki, SMS bildirişlər mahiyyət etibarı ilə də fərqlənir. Bildiriş mətnində qaz təchizatının hansı səbəbdən dayandırıldığı öz əksini tapır. Məsələn, müvəqqəti fasilə qaz sızması, təmir-tikinti, qəza və ya yeni qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən yarana bilər. “Azəriqaz” İstehsalat Birliyi pilot layihənin nəticələrini analiz etdikdən sonra proqram təminatında təkmilləşmə işləri aparmaqla gələcəkdə SMS bildirişlərin ölkə üzrə abonentlərə göndərilməsini nəzərdə tutur.