Bakıda qanunsuz fəaliyyət göstərən qumarxanalar aşkarlanıb
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində paytaxt ərazisində qanunsuz fəaliyyət göstərən qumarxanalar aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat tədbirlərindən biri paytaxtın Xətai rayonu ərazisində keçirilib. Baş İdarəyə vətəndaş Rəşad Rzayevin yaşadığı evdə kartla qumar oyunlarını təşkil etdiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində təşkilatçı ev sahibi Rəşad Rzayev, həmçinin orada qumar oynayan daha beş nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Evə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda milli və xarici valyuta, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə Qaraçuxur qəsəbəsində restoranlardan birində gizli şəkildə qumar oyunlarının təşkil edildiyi məlum olub. Əməliyyat nəticəsində obyektin sahibi Elmar Hüseynovun işçiləri Anar Həsənov və Tural Həsənzadə ilə birlikdə həmin məkanda qumar oyunları təşkil etdikləri müəyyənləşdirilib. Obyektə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda pul vəsaiti və digər maddi sübutlar aşkarlanaraq götürülüb. Həmin şəxslərlə bərabər orada qumar oynayan daha doqquz nəfər saxlanılaraq Baş İdarəyə gətirilib.
Faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Qumar oyunlarını təşkil edən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs və digər növdən olan qətimkan tədbirləri seçilib, istintaq tədbirləri davam etdirilir.