Qanunsuz sərnişin daşıyan sürücü cərimələndi
“İNFONEWS” xəbər verir.
Nazirlər Kabinetinin bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qəbul etdiyi qərara əsasən martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Lənkərandan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.
Lənkəran rayon sakini S.Xudiyevin karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 15 sərnişinin olduğu müəyyən edilib.
Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.