Nizaminin 880 illiyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadı olan Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bununla əlaqədar olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Əsrlərin şairi Nizami Gəncəvi” adlı biblioqrafik icmal hazırlayıb.
İcmalda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şairin həm Azərbaycan, həm də rus dilində çap olunmuş kitablarının biblioqrafik təsviri, əsərlərdən şeir parçaları təqdim edilib.
Vəsaitdə, həmçinin ədibin iki qəzəli, şeirləri əsasında bəstələnmiş musiqi əsərləri (romanslar, muğamlar, operalar, simfonik əsərlər), virtual kitab sərgisi də öz əksini tapıb.
Bundan əlavə, kitabxana dahi Nizamiyə həsr edilmiş və ingilisdilli auditoriya üçün nəzərdə tutulan videoçarx da hazırlayıb. Videoçarxda Nizami Gəncəvinin həyat və yaradıcılığı geniş işıqlandırılıb. Hazırlanan materialda XII əsr ictimai-siyasi və hüquqi fikirlərinin ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin öz əsrinin misilsiz humanist mütəfəkkiri olması, onun sosial-siyasi ideyalarının Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynaması, Yaxın və Orta Şərqin fəlsəfi, ictimai-siyasi fikrində humanist, demokratik ideyaların formalaşmasına və inkişafına müstəsna təsir göstərməsi qeyd edilib. Videoçarxda Nizami dünyanın ən böyük humanist sənətkarlarından biri kimi yad edilib. İstifadəçilərin böyük marağına səbəb olan videoçarx böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında maraqlı məlumatlarla zəngindir.
Sözügedən materiallar Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının rəsmi saytında və “Instagram” səhifələrində yerləşdirilərək istifadəçi auditoriyasına təqdim olunub.