“İNFONEWS” xəbər verir ki, #SıraSəndə layihəsi oxucu-izləyicilərinə “ÇİN: Qlobal Dünya İqtisadiyyatında” kitabını təqdim edir.
Əsərin müəllifi: Ziyad Səmədzadə
4000 illik qədim, rəngarəng və zəngin tarixə malik olan Çin hazırda yüksək istehsal və iqtisadi inkişaf səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrindəndir. Son dövrün statistik göstəricilərinə nəzər salsaq görərik ki, Çin ÜDM-in həcminə görə dünyada ikincidir. Bu gün də Çin iqtisadiyyatını öyrənmək üçün yetərincə səbəblər var. Akademik Ziyad Səmədzadənin 2009-cu ildə nəşr edilən bu kitabı Çin iqtisadiyyatını öyrənmək istəyən gənclər üçün olduqca yararlıdır, aktuallığını indi də saxlamaqdadır. Əsərdə Çin iqtisadi islahatların memarı Den Syao Pin fenomeni haqqında maraqlı məqamlara toxunulub, eyni zamanda iqtisadi islahatlarda radikallığa yol verilməməsi, “Açıq Qapı” siyasəti və iqtisadi inkişaf, Çin iqtisadi möcüzəsində dövlətin rolu kimi məsələlər tədqiq edilib.
“ÇİN: Qlobal Dünya İqtisadiyyatında” kitabından seçmələr:
- …Çinlilər bu yolla getmədilər. Onlar yaşlı nəsilə mənəvi zərbə vurmadılar, ölkədə islahatlar prosesində təmtəraqlı şüarlardan deyil, realizmdən irəli gələn, sosialist iqtisadiyyatının və bazar iqtisadiyyatının üstünlüklərindən istifadə etməyə imkan verən ideoloji forma və metodlardan məharətlə istifadə etdilər.
- Çin iqtisadiyyatında aparılan düşünülmüş islahatlar siyasi sistemdə anoloji dəyişiklikləri nəzərdə tutmadı. Əksinə, hakim partiya sayılan Kommunist Partiyasının islahatlar prosesində rolunun artırılması bütövlükdə Çinin daha sürətli tərəqqisinin vacib amili kimi qiymətləndirildi, islahatların ideoloji təminatına xüsusi fikir verilməsi vacib sayıldı.
- İslahatların bəzən bir əyalət, bir rayon, hətta bir müəssisə miqyasında aparılmasına üstünlük verildi. Eksperimentlər özünü doğruldandan sonra, onların bütövlükdə ölkə iqtisadiyyatına tətbiqi məqsədəuyğun sayıldı.
Bu buraxılışı hazırladı: Aslan Əzimzadə, UNEC
#SıraSəndə
@uneclibrary