İndoneziyalı jurnalistlər Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığı barədə məlumatlandırılıblar
“İNFONEWS” xəbər verir.
Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı indoneziyalı jurnalistlərə müsahibə verib.
Nüfuzlu “Kempalan News” xəbər portalının jurnalistlərinin suallarını cavablandıran səfir C.Mirzəyev böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı barədə məlumat verib, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib.
Səfir Azərbaycan dövləti tərəfindən şairin yaradıcılığına böyük önəm verildiyini və şairin xatirəsinin əbədiləşdirilməsi məqsədilə müxtəlif şəhərlərdə onun abidəsinin ucaldıldığını, bir sıra ictimai əhəmiyyətli yerlərə onun adının verildiyini qeyd edib.
Ulu öndər Heydər Əliyev tərəfindən 1979-cu və 1981-ci illərdə imzalanan müvafiq sərəncamlarla Nizami Gəncəvinin əsərlərinin tərcümə olunmasının və yaradıcılığının tədqiq edilməsinin şairin ədəbi irsinin gələcək nəsillərə ötürülməsində böyük rola malik olduğunu vurğulayıb.
Özündən sonra əvəzolunmaz ədəbi irs qoymuş Nizami Gəncəvinin tək Azərbaycan ədəbiyyatına deyil, həmçinin dünya ədəbiyyatına böyük töhfələr verdiyi, bir çox Şərq və Qərb şairlərinin onun əsərlərindən ilhamlanaraq yeni ədəbi nümunələr ərsəyə gətirdikləri qeyd olunub. Bununla yanaşı, Azərbaycanın Üzeyir Hacıbəyli və Qara Qarayev kimi böyük bəstəkarlarının öz yaradıcılıqlarında Nizami Gəncəvinin əsərlərinə dönə-dönə müraciət etdikləri bildirilib. Dahi Nizaminin “Xəmsə”si başda olmaqla, onun yaradıcılığının bu gün də Azərbaycanda geniş şəkildə təbliğ edildiyi xüsusi vurğulanıb.
Sonda səfir C.Mirzəyev Nizami Gəncəvinin Şərq ədəbiyyatında öz dəsti-xəttini yaratmış nadir şairlərdən biri olduğunu qeyd edərək, onun ədəbi irsinin İndoneziya xalqı, xüsusilə gənc şairlər arasında öyrənilməsinin faydalı olacağını bildirib.
(AZƏRTAC)