Çində sakinlərinin sayı bir milyon olan 93 şəhər var.
“İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Çində urbanizasiya prosesinin sürətlənməsi nəticəsində sakinlərinin sayı bir milyon olan şəhərlərin sayı 93-ə çatıb.
Çində iqtisadi islahatların həyata keçirildiyi son 40 ildə bu cür şəhərlərin sayı 4 dəfədən çox artıb. Ciansu və Şandon vilayətlərinin hər birində 10 şəhərin sakinlərinin sayı 1 milyondan çoxdur. Çinin ən böyük iqtisadi vilayəti olan Quandonda isə 8 belə şəhər var. Onların 7-si dünyada ən sıx urbanizasiya zonası olan Mirvari çayının deltasında yerləşir. Təkcə iri iqtisadi mərkəzlər olan Quancou və Şencen şəhərlərinin ümumi əhali sayı 30 milyona yaxındır.
Çinin Ev Tikintisi, Şəhərlərin və Kənd Rayonlarının İnkişafı Nazirliyinin statistikasına əsasən, ölkədə hazırda 6 meqaşəhər (sakinlərinin sayı 10 milyondan çox olan), 10 böyük şəhər (5-10 milyon nəfər) və 14 şəhər (3-5 milyon nəfər) var.
Qeyd edək ki, əhalisinin sayı 1,4 milyard nəfər olan Çin bu göstərici üzrə dünyada birincidir. Ölkə əhalisinin təxminən 60 faizi şəhərlərdə məskunlaşıb.