BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkil etdiyi bədii qiraət müsabiqəsinə yekun vurulub.
“İNFONEWS” xəbər verir.
Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin əsərlərindən ibarət bədii qiraət müsabiqəsinin yekunlarına həsr edilən onlayn tədbir keçirilib.
BDU-dan bildirilib ki, tədbirdə universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin dahi şairin irsinə müxtəlif aspektlərdən yanaşılması baxımından böyük imkanlar yaratdığını qeyd edib. O, gənclər arasında bu cür müsabiqələrin təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra bədii qiraət müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış 10 iştirakçının ifasında Nizami yaradıcılığından nümunələr dinlənilib. Müsabiqənin münsiflər heyətinin üzvləri – Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir, BDU-nun kafedra müdiri Knyaz Aslan, Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə və Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov ifalara münasibətlərini bildirib, iştirakçıları müvafiq ballarla qiymətləndiriblər. Müsabiqənin yekunlarına əsasən Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Nərgiz Həşimzadə 1-ci, Nilufər Qəhrəmanova 2-ci, Aysel Bayramova isə 3-cü yerə layiq görülüb.
Sonda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov vurğulayıb ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə verilən böyük töhfədir. O, Bakı Dövlət Universitetinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərdə xüsusilə fərqləndiyini, ali təhsil ocağının təşkilatçılığı ilə bu mövzuda konfransların, elmi seminarların və kütləvi tədbirlərin keçirilməsinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Həbib Misirov vurğulayıb ki, qaliblərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaq.
Tədbirdə, eyni zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvinin “Nizami və özbək ədəbiyyatı” mövzusunda məruzəsi dinlənilib, Nizami yaradıcılığı haqqında tələbələrin hazırladığı videoçarx nümayiş etdirilib.