Bank kartlarını fırıldaqçılardan necə qorumaq olar?
Pandemiya ilə əlaqədar son 1 ildə həm ödəniş kartlarının sayında, həm də nağdsız ödənişlərdə xeyli artım olub. Nağdsız ödənişlərin çox olması fırıldaqçılıq hallarının da artması ilə nəticələnib.
Mərkəzi Bank da kartlarla bağlı təhlükəsizliyi artırmaq üçün tədbirlər görür.
Pandemiya dövründə nağdsız ödənişlərin həcmi xeyli artıb.
“İNFONEWS”-un Xəzər TV-yə istinadən məlumatına görə, Mərkəzi Bankın Şöbə müdiri Fuad Səbziyev bildirib ki, bu il aprelin 1-nə kimi banklar və poçt rabitəsinin milli operatoru 10,1 milyon ədəd kart emissiya edib. Dövriyyədə olan kartların 45 faizini də təmassız kartlar təşkil edir. Şöbə müdirinin sözlərinə görə, pandemiya dövründə kartların və nağdsız ödənişlər sayı xeyli artıb.
Fuad Səbziyev qeyd edib ki, nağdsız ödənişlərin çox olması fırıldaqçılıq hallarının da artması ilə nəticələnib. Ən çox rast gəlinən isə sahibini aldadaraq kart məlumatlarının əldə edilməsidir.
Mərkəzi Bank kartlarla bağlı təhlükəsizliyi qorumaq üçün daxili və kənar müdaxilə testləri aparır, riskləri təyin edir və onların aradan qaldırılması üçün sektor iştirakçılarına tövsiyələr verir. Həmçinin, xaricdə baş verən fırıldaqçılıq halları izlənir və onların ölkədə də baş verməməsi üçün banklarla birgə iş aparılır.