Kolumbiyada mülki üsyanın üçüncü dalğası başlanıb
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Kolumbiyada pandemiyanın qızğın dövründə bir tərəfdən də etirazlar dalğası başlanıb.
Etirazlar aprelin 28-də bu Latın Amerikası ölkəsində prezident İvan Dukenin təklif etdiyi üçüncü vergi islahatına qarşı etirazlar ümumi tətilə çağırışla nəticələnib.
Pandemiyanın nəticəsi olan iqtisadi böhrandan ən çox zərər çəkmiş əhalinin subsidiyalaşdırılması üçün əlavə 5,2 milyard avro alınmasına yönəlmiş qanun layihəsində varlı və yüksək məvacibli vətəndaşlar üçün verginin artırılması nəzərdə tutulurdu, lakin həmin islahat əsas qida məhsullarına, habelə qaz və elektrik kimi məişət xidmətlərinə görə əlavə dəyər vergisinin 19 faizə qədər artırılmasına yönəlmişdi.
Dövlət başçısının uğursuz vergi islahatına qarşı etirazlar başlayandan bir həftə sonra Kolumbiyada mülki üsyan üçüncü mərhələyə qədəm qoyub.
Kolumbiya ombudsmanının ofisindən verilən məlumata görə etirazların üçüncü dalğası başlanandan bəri 19 nəfər həlak olub. Əslində isə 140 ölüm faktı, minlərlə insanın, o cümlədən polis işçilərinin yaralanması, 89 nəfərin itkin düşməsi və 500-dən çox şəxsin saxlanması barədə informasiya əsasında təhqiqat aparılır.
“Temblores” qeyri-hökumət təşkilatının məlumatına görə asayiş keşikçilərinin əli ilə 31 nəfər öldürülüb. Polis vandalizm və qarətlərlə üzləşdiyini bildirərək özünü müdafiə etdiyini söyləyir, lakin hüquq-mühafizə orqanlarının öz səlahiyyətlərindən sui-istifadə etdiklərini göstərən çoxsaylı videoçarxlar yayılır.
Prezident vergilər haqqında mübahisəli qanun layihəsini bazar günü geri çağırıb, lakin iğtişaşlar davam edir və dünən milli tətil çərçivəsində insidentlər təkrarlanıb. Ölkənin iri şəhərlərində ümumi səfərbərlik elan edilib. Bu, etirazların daha da sərtləşəcəyindən xəbər verir.