Pirallahı rayon icra başçısı Vasif İmanovun Vətən Müharibəsi qazisi İqbal Səfərova süpürgəçi işi təklif etməsi ilə bağlı xəbərə rəsmi münasibət bildirilib.
Pirallahı RİH-dən “İNFONEWS”a daxil olan məlumatda qeyd edilir ki, İqbal Səfərov rayon icra hakimiyyətində 2 dəfə yüksək səviyyədə qəbul edilib:
“Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə 2 nəfər Vətən Müharibəsi iştirakçısı işə götürüldükdən sonra İqbal Səfərov ordudan təxris olunub və Rayon İcra Hakimiyyətinə işlə bağlı şifahi müraciət edib.
Qəbullar zamanı o, uzun müddət Naxçıvan Muxtar Respublikasında Gömrük orqanlarında çalışdığını və bundan sonra da orada işləmək istədiyini bildirib. Bununla yanaşı o, 2 dəfə Məşğulluq Mərkəzinə müraciət edib. Ona ixtisasına uyğun işlər təklif edilsə də, İ.Səfərov Gömrük orqanlarında işləmək arzusunda olduğunu bildirərək təklif edilən işlərdən imtina edib.
İ.Səfərov Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevdən onun Gömrük orqanlarında işlə təmin edilməsinə köməklik göstərilməsini xahiş edib. Lakin ona bildirilib ki, bu onların səlahiyyəti çərçivəsində deyil və Gömrük orqanlarında işə qəbul müsabiqə və müsahibə yolu ilə həyata keçirilir”.
Açıqlamada qeyd edilib ki, Rayon İcra Hakimiyyətində 2 nəfərlik xadimə ştatı var və həmin ştatlar üzrə xanımlar çalışır: “Göründüyü kimi İqbal Səfərova süpürgəçi işinin təklif edilməsi absurddur və qeyri mümkündür”.