Ölkə rəhbərliyinin Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlər daha da genişləndirilib.
İNFONEWS “Qafqazinfo”- ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən bu il artıq 18-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.