Avstriya Azərbaycanlıları Cəmiyyətində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib
”İNFONEWS” AZƏRTAC’a istinadən xəbər verir.
Avstriya Azərbaycanlıları Cəmiyyətində (AAC) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və 9 may – Qələbə Günü münasibətilə tədbir keçirilib.
Bu şəhərdəki Azərbaycan və türk icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbirdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Təşkilatın idarə heyətinin üzvləri Əli Toyran və Xaliq Mansurov Ulu Öndərin Azərbaycan və dünya tarixində tutduğu yer, onun həyatı və siyasi fəaliyyəti barədə danışıblar. Natiqlər Azərbaycan xalqının həyatında ən ağır dövr olan müstəqilliyin ilk illərində Heydər Əliyevin ölkənin müqəddəratını həll edən siyasi əzmkarlıq nümayiş etdirdiyini, Azərbaycanın sosial-iqtisadi inkişafı və uğurlu xarici siyasətinin, dövlət və ordu quruculuğunun möhkəm təməlini qoyduğunu ifadə ediblər. Bildirilib ki, məhz bu möhkəm təməl üzərində inkişaf edən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan dövlət suverenliyini bərpa edərək, işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinə start verib və regionda yeni iqtisadi əməkdaşlığın təməlini qoyan uzaqgörən siyasət yürüdür.
Natiqlər çıxışlarında İkinci Dünya müharibəsinin müqəddəratının həllində Azərbaycanın igid oğul və qızlarının əvəzsiz rolu, xüsusilə də Azərbaycanın qara qızılının cəbhə üçün müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, mərd Azərbaycan xalqının övladları bu gün də öz qəhrəmanlıqlarını nümayiş etdirirlər və Vətən torpağının düşmən tapdağında qalması ilə barışmadılar, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa zamanda tarix və hərb kitablarına düşəcək döyüş yolu keçərək Azərbaycan ərazilərini işğaldan azad etdilər.