ÜST: dünya COVID-19-a yoluxma “vadisinə” çıxıb, lakin sayıqlığı itirməməliyik
”İNFONEWS” xəbər verir.
Qlobal səviyyədə COVID-19-a yoluxma ilə bağlı yeni halların sayı artmır. ÜST-də bildirirlər ki, dünya COVID-19-a yoluxma “vadisinə” çıxıb, bəzi regionlarda isə, məsələn yaxın vaxtlara qədər yoluxmaların sayına görə liderlik edən Şimali və Cənubi Amerikada, həmçinin Avropada yoluxma göstəriciləri azalmağa başlayıb.
Bununla belə, ÜST-nin rəhbəri Tedros Gebreyesus Cenevrədə keçirilən brifinqdə həmin göstəricilərin hələ də yüksək olduğunu bildirib. Ötən həftə ərzində 5,4 milyon yeni yoluxma faktı qeydə alınıb, 90 min nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.
Hindistanda hər gün 350-370 min yeni yoluxma qeydə alınır. Doktor Tedros Gebreyesus ÜST-nin “Hindistanın xatirinə birləşək” adlı yeni təşəbbüsünü elan edib. Təşkilat həmin təşəbbüs çərçivəsində bu ölkədə pandemiyaya qarşı mübarizənin dəstəklənməsi üçün vəsait toplayacaq. Yığılan pullar, o cümlədən, oksigen balonları, fərdi müdafiə vasitələri və dərman alınmasına sərf ediləcək.
ÜST rəhbəri bir daha vurğulayıb ki, əgər planetin sakinlərinin əksəriyyəti peyvəndlənməsə, pandemiyaya qalib gəlmək mümkün olmayacaq.