İNFONEWS “ədalət.az”-a istinadən xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda rusiyalı Hacımurad Rəşidov üzərində qazandığı qələbə barədə danışarkən deyib: “Bu görüş mənim üçün çox önəmli olduğu üçün tam fərqli hazırlaşmışdım. 2019-cu ildə mənə qarşı edilən haqsızlığı qəbul edə bilmirdim”.
65 kq-da çıxış edən üçqat Avropa və dünya çempionu rəqibindən qat-qat güclü olduğunu bildirib: “Hacımurad Rəşidov və onun fanatları mənə qalib gəldiyini düşünürdü. Amma bu, belə deyildi. Mənə elə gəlir ki, hakimlərin “gözəl” qərarı ilə o qalib gəlmişdi. Bütün gücüm və istəyimlə bu qarşılaşmaya hazırlaşmışdım və qələbə qazanacağımı hiss edirdim. Şükürlər olsun ki, ilk dəqiqədən hücum elədim. Fikrimcə, mən ondan çox güclüyəm”.
Turnirdəki çıxışını da dəyərləndirən Əliyev Macarıstan güləşçisi İsmayıl Musukayevə 6:7 hesabı ilə uduzduğu görüşə zədəli çıxdığını söyləyib: “Rəqib zədələndiyimi bilmirdi. Güləşəndə əziyyət çəkirdim. Yenə haqsızlıqla üzləşdim. Hakimlər 2 xəbərdarlıqdan birini vermədi. Bunu başqa hakimlər də dedi. Həm də ani ehtiyatsızlıqdan 6 xal verdim. Heç nədən. Amma bu idmandır. Ümid edirəm ki, gələcək yarışlarda və Olimpiadada daha yaxşı nəticə olacaq”.
Zədəsi ilə bağlı da danışan titullu güləşçi qabırğasında sınıq olmadığını vurğulayıb: “Sadəcə, yüngül çat var. 10-15 gün doğru müalicə getsə, problem aradan qalxacaq. Lisenziya turnirinə qədər tam hazır vəziyyətdə olacağımı düşünürəm”.
Qeyd edək ki, Hacı Əliyev Fərdi Dünya Kubokunda bürünc medal qazanıb.