Astarada indiyədək 100 hektar sahədə çəltik əkilib
“İNFONEWS” Azərtac-a istinadən xəbər verir.
Astaranın çəltik sahələrində əkin kampaniyası davam edir. İndiyədək 100 hektar sahədə çəltik əkilib.
Bu barədə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abasov məlumat verib.
Bildirilib ki, bu il havaların əlverişli keçməsi məhsul istehsalçılarına əkinin optimal müddətdə başa çatdırılmasına imkan yaradıb. Dövlət tərəfindən çəltik əkininə görə hər hektar üçün 80 manat subsidiyanın ayrılması torpaq istehsalçılarının bu sahənin inkişafına marağı artırıb.
Çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılması prioritet məsələlərdəndir. Bu tələblərə əsasən Astarada toxumluq çəltik təsərrüfatı yaradılıb.
Hər il olduğu kimi, cari mövsümdə də çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərinin təsərrüfatlarını əhatə edib. Fermerlər əsasən “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Züdrəst” və “Həsəni” kimi toxum növlərinə üstünlük verirlər.
Astarada çəltik əkini kampaniyasına Türkiyənin iş adamları da cəlb olunublar. Bu məqsədlə rayonun Artupa, Səncərədi kəndlərində və Ərçivan qəsəbəsində 40 hektara yaxın pay torpaqlarında və dövlət fond torpağında çəltik əkilir.
Əkin işlərindən sonra çəltik sahələrində aqrotexniki qulluğa başlanılacaq. Ehtiyac olduğu qədər mərhələlərlə sahələrə gübrələr veriləcək, alaq otlarına qarşı mübarizə məqsədilə herbisidlər səpiləcək. Biçinə15-20 gün qalmışa qədər çəltik sahələri daim su ilə təmin ediləcək.
Qeyd edək ki, ötən il Astara rayonunda 204,6 hektar sahədə çəltik əkilmişdisə, bu il bu rəqəmin 250 hektara çatdırılması nəzərdə tutulub.