“Bakı Şəhər Halqası”nın icraçı direktoru Arif Rəhimov avtoidman dünyasının aparıcı media qurumlarının əməkdaşları ilə görüşüb

“Bakı Şəhər Halqası”nın icraçı direktoru Arif Rəhimov avtoidman dünyasının aparıcı media qurumlarının əməkdaşları ilə görüşüb

“İNFONEWS” xəbər verir.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov iyunun 4-6-da Bakıda 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə sayılı günlərin qaldığı ərəfədə avtoidman dünyasının aparıcı media qurumlarına geniş məzmunda müsahibə verib.

BŞH-dən bildiriblər ki, müsahibədə “Reuters” xəbər agentliyi və “ESPN” idman kanalı ilə yanaşı, dünyanın bir sıra qabaqcıl avtoidman xəbər portallarından, o cümlədən “Motorsport”, “Autosport”, “Racer”, “Racefans”, “Autocar” və “MotorsportWeekly”dən jurnalistlər iştirak ediblər.

Görüşün əvvəlində şirkətin rəhbəri A.Rəhimov yarışa hazırlıq işlərindən danışıb həmçinin, yarış çərçivəsində COVID-19 ilə bağlı görülən təhlükəsizlik tədbirləri barədə jurnalistləri ətraflı şəkildə məlumatlandırıb.

Daha sonra A.Rəhimov builki yarışın tamaşaçısız keçirilməsi, Formula 1 təqviminə daxil olan yeni yarışların Bakı yarışına mümkün təsirləri, Azərbaycan Qran-Prisinin Formula 1 dünya çempionatına verdiyi töhfələr, bu ilin iyun ayında “Avro-2020” çərçivəsində paytaxt Bakıda keçiriləcək futbol oyunlarının Formula 1 Azərbaycan Qran-Prisinə təsirləri və digər aktual məsələlərə dair verilən sualları geniş şəkildə cavablandırıb.

A.Rəhimov müsahibə zamanı deyib: “Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, Formula 1 Azərbaycan Qran-Prisi koronovirus pandemiyasının başladığı tarixdən sonra paytaxt Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq. Bakıda bu yay keçiriləcək “Avro-2020” futbol oyunları Formula 1 Azərbaycan Qran-Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir. Düşünürəm ki, bu səbəbdən sözügedən oyunlarda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

“Bu il bizim ölkəmiz sayca 5-ci dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. Formula 1 rəhbərliyi (FOM) ilə olan mövcud müqaviləmiz 2024-cü ilə qədər qüvvədədir. Növbəti 3 ildə birlikdə hansı işləri görəcəyimizə dair müzakirələrə hələlik başlamamışıq. Son illər FOM ümumiyyətlə uzunmüddətli müqavilələr imzalamağa müsbət yanaşmır. Yeni rəhbərlik əməkdaşlığı daha çox qısa müddətli müqavilələr çərçivəsində aparmaqda maraqlıdır. Bu yanaşma bizim üçün də sərfəli olandır”, – deyə A.Rəhimov əlavə edib.

BŞH rəsmisi vurğulayıb ki, son vaxtlar müzakirə olunan məsələlərdən biri də koronavirus pandemiyasının davam etdiyi bir dövrdə yarış iştirakçılarının Formula 1 təqvimində yer alan ölkələr arasında fasiləsiz və məhdudiyyətsiz səyahətinin təmin olunmasıdır. Bu məqsədlə Türkiyə ilə Azərbaycan Qran-Prilərinin yerlərinin dəyişdirilməsi barədə məsələnin gündəmdə olduğundan xəbərdarıq. Bununla bağlı onu deyə bilərəm ki, bu addımın atılması mümkün deyil. Çünki həmin ərəfədə Bakı həm də “Avro-2020”nin oyunlarına ev sahibliyi edəcək. Başqa sözlə, iyunun 12-də Bakı sözügedən çempionat çərçivəsində burada keçiriləcək qarşılaşmaların birincisi üçün iştirakçıları qəbul edəcək. Bu da Azərbaycan Qran-Prisi üçün təklif olunan tarixlə üst-üstə düşür. Belə ki, biz Formula 1 Azərbaycan Qran-Prisini həmişəki vaxtında – iyunun 4-6-da keçirəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir