MDB ölkələrinin diabet problemləri üzrə Ekspert Şurasının iclası mayın 17-də Minskdə keçiriləcək
”İNFONEWS” xəbər verir.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin diabet üzrə Ekspert Şurasının iclası mayın 17-də MDB-nin Minskdəki mənzil-qərargahında videokonfrans formatında keçiriləcək.
İclas iştirakçıları 10-a yaxın məsələni müzakirə etməyi planlaşdırırlar. Xüsusilə, Ekspert Şurasının üzvləri əvvəl qəbul etdikləri qərarların və 2016-2020-ci illər üçün şəkərli diabetin qarşısının alınması və müalicəsi üzrə əməkdaşlıq Proqramının icrasını yekunlaşdıracaqlar.
İclasda şəkərli diabet olan insanların COVID-19-a qarşı vaksinasiyası, dövlət registrlərinin təşkili və şəkərli diabet üzrə dövlət statistika hesabatlılığı sistemləri məsələlərinə baxılacaq. Qazaxıstan nümayəndələri şəkərli diabet olan xəstəyə tibbi yardımın göstərilməsi üzrə xərclərin qiymətləndirilməsi təcrübəsini bölüşəcəklər.
Bundan əlavə, Ekspert Şurasının üzvləri MDB ölkələrinin səhiyyə sahəsində əməkdaşlıq Şurasının növbəti iclasının gündəliyi layihəsinə daxil edilməsi üçün təklifləri razılaşdırmaq, bir sıra digər məsələlərə baxmaq niyyətindədirlər.