Sürücülər bu səbəbə görə kütləvi şəkildə 50 AZN cərimə olunurlar
Son günlər Bakı şəhərində yol polisi katalizatoru olmayan avtomobilləri saxlayır və sürücüləri cərimə edir.
“İNFONEWS” baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı çoxsaylı sürücü öz şikayətlərini bildirib.
Rahib Nuruyev adlı şəxsin sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtomobilləri cərimə meydançasına salınan sürücülərə vaxt verilib. Bildirilib ki, sürücülər 1 həftə ərzində mütləq avtomobillərə katalizatorlar qoydurmalıdırlar.
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də açıqlama verilib. Qurumun mətbuat xidmətinin rəhbəri polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır, bu isə inzibati xəta tərkibi yaradır:
“Bu tipli avtomobillərin istismarı yolverilməzdir. Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər.
Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda həmin nasazlıqlar aradan qaldırılmalıdır.
Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan Azərbaycana elə bu vəziyyətdə gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə, hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik”.
Bir çox vətəndaş iddia edir ki, avtomobilləri ölkəyə gətirərkən katalizator olmayıb və maşın bu formada da gömrükdə qeydiyyatdan keçirilib. Avtomobil ustası Mürsəl Ələkbərov BAKU.WS-ə açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Bizim müştərilərimiz var ki, bununla bağlı onlarda problemlər yaranıb. Əslində avtomobillərdə katalizatorlar olmalıdır. Avtomobillər ölkəyə gətirilərkən gömrükdə mütləq yoxlanılmalıdır.
Lakin çox vaxt bu və digər detalları yoxlamaq üçün peşəkar olmur. Bu səbəbdən də yoxlanılma aparılmadan avtomobillər qeydiyyata salınır.
Son günlər bu məsələnin üstünə düşüblər. Katalizatorun olması avtomobil yanacağının işlənməsinə təsir edir. Mühərrikə daxil olan yanacaq emal olunarkən zəhərli maddələr havaya buraxılmır. Motor da normal işləyir. Lakin bəzi işbazlar katalizatoru çıxararaq min dollara ayrıca satırlar.
Katalizatorun olması mühərriyin səssiz işləməsinə, yağın çox israf olunmamasına, yanacağın az yandırılmasına təsir edir”.
Vətəndaşların avtomobillərinin gömrükdə katalizatorsuz qeydiyyata salınmasına gəlincə, rəsmi tərəfdən məsələ təkzib olunub.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il 2 saylı qərarı ilə Azərbaycan Respublikasına idxal edilən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən AVRO-4 ekoloji normaları tətbiq edilir.
“Avtonəqliyyat vasitəsinin AVRO-4 ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin VIN kodu – nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edilir. Bu baxımdan ekoloji normalara cavab verən nəqliyyat vasitələrində katalizator sisteminin işlək olması vacibdir”, – deyə qurumdan bildirilib.
Ekspertlər isə məsələyə müxtəlif aspektdən yanaşırlar. “Avtostop” verilişinin aparıcısı Tural Yusifov “Facebook” səhifəsində yazıb ki, Azərbaycanda avtomobilin texniki baxış qaydaları bütünlüklə ziddiyyət təşkil edir.
Onun fikrincə, “Toyota Prius”lar ölkəyə katalizatorsuz daxil olubsa, bunda sürücünün günahı yoxdur.
“Nə baş verdiyini yalnız, deyəsən, YPX bilir. Çünki ölkədə yükdaşımada olan bütün avtomobillərin 90%-də qurum filteri yoxdur. Köhnə avtobuslarda bu katalizatoru gördüm deyən yoxdur. Sınıq salxaq minik avtomobilləri tərəfə baxan belə yoxdur.
Birdən “Prius”lara diqqət edildi. Sanki kimsə məlumat verib ki, bunların katalizatoru yoxdur. Və ya gözlədilər ki, sayı artsın, gözlənilmədən iş görək.
Katalizator vacibdir. Hava zəhərlənir, ekologiya pozulur və s. Bəs onda texniki baxış qaydalarında nə deyilir? Avtomobil texniki baxışa gələndə texniki nasaz olsa belə ona texniki baxış talonu verilir.
Gələn il üçün gəldikdə isə həmin nasazlıq olmamalıdır. Deməli, bizim qaydalara əsasən, katalizatorsuz avtomobil ən azı 1 illik texniki baxışdan keçə bilər və onun bir illik möhləti var. Bu nasazlığı gələn dəfə texniki baxışa gələndə aradan qaldırmalıdır.
Bəs onda bu avtomobillər niyə dayandırılır? Sahibinin ən azı 1 il vaxtı varsa, bu, nə deməkdir? Deyilənə görə, avtomobillər katalizatorsuz da gəlir.
Bəs gömrükdə “yaşıl zona”da yoxlanış niyə aparılmır? Sadəcə vin kodla yoxlanış edirlər ki, Avro 4-dür? Görünən odur ki, qanunun ziddiyyətindən, gömrük komitəsinin göz yummasından yenə sürücülər əziyyət çəkəcək.
Ya bu qanunu dəyişin, ya bunu əməllicə yoxlayın, ya hamıya cərimə yazın, ya da normal hərəkət təhlükəsizliyinin təşkili ilə məşğul olun. PS: bu nasazlığa görə avtomobil cərimə meydançasına aparıla bilməz. Cərimə meydançası servis məntəqəsi deyil”, – deyə mütəxəssis qeyd edib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə məsələyə tam ayrı nöqtədən baxır. Ekspert BAKU.WS-ə açıqlamasında bildirib ki, bəzi işbazlar bu avtomobilləri Bakıya gətirdikdə katalizator çıxarılır. Onun fikrincə isə, burada yol polisini günahlandırmaq bir qədər düzgün fikri deyil.
“Əsasən hibrid avtomobillərdə katalizator problem yaradır. Bəzi işbazlar bu avtomobilləri Bakıya gətirdikdə katalizator çıxarılır.
Dəqiq bilinmir ki, bu avtomobillər Bakıya gətirilərkən katalizatorlar çıxarılır, yoxsa elə bu formada ölkəyə gətiriblər.
Avtomobillər taksi sürücülərinə verilir. Sonra yol polisinin keçirdiyi reydlər zamanı belə avtomobillər aşkarlanır və sürücülər barədə tədbirlər görülür. Yol polisi də qanun tələbinə uyğun tədbir görür.
Sual verilir ki, texniki baxış zamanı bu qüsurlar niyə üzə çıxmır. Birinci, bunlar hibrid avtomobillərdir. Hibrid və elektromobillərin texniki baxışla bağlı yanaşması fərqli olmalıdır.
Çünki həmin avtomobilin mühərriki işə düşdükdə havaya yanacaqla işləyən maşından fərqli zəhərli qaz buraxılır.
Ona görə bu maşınların texniki baxışda qüsurunu asanlıqla tutmaq olmur. Yol polisi də texniki baxış zamanı avtomobillərin katalizatorlarını yoxlamaq üçün maşının altına girməməlidir.
Sadəcə vizual baxış keçirir. Maşının rənginə, ban nömrəsi, zəhərli qazların havaya buraxılma miqdarı, təkərlərin protektorları, apteçka və s. yoxlanılır. Maşının idarəetmə sistemi, əyləc sisteminə baxılır.
Bu tip maşınların texniki baxışını keçirmək üçün həmin avtomobillərdən yaxşı anlayışı olan mütəxəssislər olmalıdır. Texniki baxış məntəqələrində xüsusi ixtisaslaşmış ustalar oturmalıdır”, – deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, avtomobildə katalizatorun çıxarılmasına görə 50 AZN cərimə yazılır. Lakin katalizatoru çıxarıb, yerinə digər avadanlıq quraşdırılarsa, bu zaman sürücüyə 150 manat cərimə yazılır. İstənilən halda avtomobil cərimə meydançasına aparılır.