BMT ekspertləri bu il dünya ticarətinin 16 faiz artacağını proqnozlaşdırır
”İNFONEWS” xəbər verir.
2021-ci ildə dünya ticarətindəki artım ötən illə müqayisədə 16 faiz səviyyəsində gözlənilir.
Bu barədə məlumat BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Cenevrə şəhərində dərc olunan hesabatında yer alıb. “2021-ci ilin ikinci yarısında ticarətin xeyli artması gözlənilir: proqnozlara görə, artım 2020-ci ilin ən aşağı göstəricisi ilə müqayisədə 16 faiz, o cümlədən əmtəə ticarətində 19 faiz və xidmət sahəsində 8 faiz təşkil edəcək”, – deyə ekspertlər bildiriblər.
Mütəxəssislərin fikrincə, COVID-19 infeksiyasının səbəb olduğu iqtisadi təlatümlərə baxmayaraq, 2020-ci il dünya ticarəti üçün nisbətən yaxşı keçib. Bu, xeyli dərəcədə pandemiya ilə mübarizədə tez bir zamanda müvəffəqiyyət qazanan və koronavirusla bağlı tədbirlərə aid məhsullara artan tələbatı kapitallaşdıran Şərqi Asiya iqtisadiyyatının dayanıqlılığı nəticəsində təmin olunub.
2021-ci ilin birinci kvartalında dünya ticarətinin artımı 10 faiz təşkil edib. İlin ilk üç ayı ərzində qlobal ticarətdəki sıçrayış Şərqi Asiya ölkələrində ixracat həcminin əhəmiyyətli artımı ilə bağlıdır. Hesabatda əsasən, Çin, Hindistan və Cənubi Afrika Respublikası digər böyük iqtisadiyyatlardan daha yüksək nəticələr göstərib.
BMT-nin ticarət və inkişaf üzrə konfransının proqnozuna görə, 2021-ci ilin ikinci rübündə dünyanın əmtəə və xidmət ticarəti 31 faiz artaraq 6,6 trilyon dollara yüksələcək. Bununla yanaşı, ticarətin bərpa templəri qeyri-bərabər qalacaq ki, bu da inkişaf etməkdə olan ölkələr üçün xüsusilə səciyyəvidir.