Azərbaycanla Ukraynanın illik idxal-ixrac əməliyyatlarının 120 milyon dollardan çoxu qida məhsullarının payına düşür
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Azərbaycan ilə Ukrayna arasında illik idxal-ixrac əməliyyatlarının 120 milyon dollardan çoxu qida məhsullarının payına düşür.
Bu barədə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ukraynadan Azərbaycana illik dəyəri 100 milyon dollardan çox qida məhsulları ixrac edilir. Bura əsasən ət, şəkər, süd və süd məhsulları, taxıl məhsulları, yumurta, qoz-fındıq, heyvan yemləri daxildir.
Ukrayna Azərbaycandan isə illik 20 milyon dollardan çox qida məhsulları idxal edir ki, bura əsasən meyvələr, qoz-fındıq, tərəvəzlər, qəhvə və çay, alkoqollu və alkoqolsuz içkilər daxildir. Ukrayna ilə Azərbaycan arasında ixrac və idxal üçün yeni qaydalar qüvvəyə minib ki, bu da qida təhlükəsizliyi sahəsində əməkdaşlığı artıracaq.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.